Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim keçilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış aqrar sığorta mexanizmi və Aqrar Sığorta Fondunun fəaliyyəti barədə maarifləndirmənin aparılması və doqquz aylıq nəticələrin açıqlanması məqsədilə keçirilən görüşdə ASF və MEDİA rəsmiləri, media nümayəndələri və fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun sədr müavini Firdovsi Ağaşirinov Azərbaycanda aqrar sektorun inkişafı fonunda aqrar sığorta sisteminin tətbiqi barədə məlumat verib, aqrar sığortanın Azərbaycanda dövlətin kənd təsərrüfatına və fermerlərə dəstək üçün yaratdığı yeni və çox mühüm mexanizm olduğunu bildirib.
Tədbirdə iştirak edən Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli media sahəsində ixtisaslaşmanın və iqtisadi mövzuların işıqlandırılmasında təlimlərin əhəmiyyətini xüsusi qeyd edərək, Agentlik tərəfindən media nümayəndələrinin peşəkarlığının artırılması və iqtisadi sahədə ixtisaslaşmasının təmin edilməsi üçün çoxsaylı təlimlərin həyata keçirildiyini və hazırki tədbirin də bu sahədə mühüm addımlardan biri olduğunu vurğulayıb.
İlk dəfə olaraq bu təlimdə ölkənin müxtəlif regionlarından olan və aqrar sığorta ödənişi alan fermerlər də iştirak edərək rəsmilər və jurnalistlərlə ünsiyyətdə olublar.
Tədbirin sonunda media nümayəndələrinə sertifikatlar təqdim edilib.