Layihə Elm və təhsilin inkişaf etdirilməsi
Bakı Dövlət Universitetinin yaradılması Azərbaycanda təhsilin inkişafında önəmli rol oynadı

Layihə Elm və təhsilin inkişaf etdirilməsi Bakı Dövlət Universitetinin yaradılması Azərbaycanda təhsilin inkişafında önəmli rol oynadı

24 Aprel 2020 10:50
Bəyəndim (1) Bəyənmədim (1)

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə təhsilin inkişafına verilən ən böyük töhfələrdən biri ötən il yaradılmasının 100 illiyi dövlət səviyyəsində təntənə ilə qeyd edilən Bakı Dövlət Universitinin fəaliyyətə başlaması oldu. O dövrdə Azərbaycan Xalq Cümhuriyyətini idarə edənlər ölkəmizdə ali məktəblərin yaradılmasının taleyüklü məsələlərdən biri olduğunu yaxşı bilirdilər və bunun təhsilimizin inkişafında önəmli rol oynayacağını dönə-dönə vurğulayırdılar. Təsadüfi deyil ki, Azərbaycanda yüksək ixtisaslı kadrlar hazırlayan ali məktəblərin açılması məsələsli1918-ci ilin may ayında ölkəmiz müstəqilliyini əldə etdiyi ilk günlərdən gündəmə gəlmişdi. Lakin Azərbaycanın müstəqilliyini əldə etdiyi ilk ildə ölkəmizdə ali məktəblərin açılması məsələsini həll etmək mümkün olmadı. Çünki həmin dövrdə problemlər kifayət qədər çox idi və bunun üçün böyük maliyyə vəsaiti tələb olunurdu. Üstəlik ilk növbədə ölkəmizdə təhsilin inkişafında özünəməxsus rol oynayan ibtidai və orta təhsil üçün müvafiq baza yaradılmalı idi. Həqiqətən də 1918-ci ilədə təhsilin ilkin mərhələsi hesab edilən ibtidai təhsilin qaydaya salınması və onun müstəqilliyimizin tələblərinə cavab verən şəkildə qurulması istiqamətində mühüm addımlar atıldı. Bütün bunlar da 1919-cu ildə ali məktəblərin açılması ilə bağlı məsələnin həllinə imkanlar əmələ gətirdi. Azərbaycanda ilk ali məktəbin-universitetin yaradılması ilə bağlı vaxtın artıq gəlib çatdığını o dövrün tanınmış ziyalıları da xüsusi vurğulamağa başlamışdılar. Həmin dövrdə “Azərbaycan” qəzetində tanınmiş ziyalılar tərəfindən yazılan yazılarda ali məktəbin yaradılmasının Azərbaycanın beynəlxalq səviyyədə imicinin artırılması baxımından xüsusi önəm daşıdığı xüsusi qeyd edilirdi. Məsələn, dövrünün tanınmış maarifpərvər xadimi Məhəmməd ağa Şahtaxtlı 1919-cu il ilin iyul ayının 28-də “Azərbaycan” qəzetində dərc etdirdiyi “Azərbaycanda darülfünun” adlı məqaləsində yazırdı ki, ali məktəbin yaradılması Azərbaycanın nəinki daxili həyatında, həm də beynəlxalq səviyyədə böyük uğurlarından biri kimi qəbul ediləcək. Darulfunun yaradılmasının mədəni həyatımıza yeni ruh, yeni nəfəs gətirəcəyini xüsusi qeyd edən Məhəmməd ağa Şahtaxtlı yazırdı: “Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdan olmaqdır”.

O dövrün digər maarifpərvər xadimləri də ali məktəbin açılmasının zərurliyini açıq şəkildə vurğulayır və AXC rəhbərliyini bununla bağlı qəti addımlar atmağa müvafiq qərarlar qəbul etməyə çağırırdılar. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi öz növbəsində ölkəmizdə ali məktəbin açılması ilə bağlı Xalq Maarif Nazirliyinə xüsusi göstəriş vermişdi. Göstərişə uyğun olaraq Xalq Maarif Nazirliyi tərəfindən müvafiq işlər aparılmış və ilk ali məktəbin açılması ilə bağlı tədbirlər planı hazırlanmışdı. Lakin bu məsələnin dövlət səviyyəsində həyata keçirilməsi ölkəni idarə edənlərin atacağı addımlardan asılı idi. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi öz növbəsində ali məktəbin açılması prosesini sürətləndirmək niyyətində idi. Belə ki, məsələnin vacibliyi nəzərə alınaraq alı məktəblərin açılması parlament səviyyəsində müzakirəyə çıxarılmışdı. Ölkəmizdə ilk ali məktəblərin açılması barədə Azərbaycan parlamentində keçirilən qızğın müzakirələrdən sonra müvafiq qərar qəbul edildi. Qəbul edilən qərara əsasən 1919-cu il sentyabrın 1-dən Bakıda ali məktəblər təşkil edilməsi haqqında 10 maddədən ibarət qanun hazırlanmışdı.Qərarda ölkəmizdə ilkin mərhələdə üç ali məktəb Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının fəaliyyətə başlaması daha məqsədəuyğun bilinmişdi. Lakin eyni zamanda 3 ali məktəbin açılması obyektiv və subyektiv səbəblərdən mümkün olmadı. Çünki eyni zamanda 3 ali məktəbin açılması üçün maliyyə vəsaiti demək olar yox idi. Digər tərəfdən də 3 ali məktəbin açılması üçün müvafiq dərsliklər və müəllim kadrları çatışmırdı. Ona görə də qərara alındı ki, ilk növbədə Bakı Dövlət Universiteti açılsın. Digər iki ali məktəbin isə növbəti illərdə açılması daha məqsədəuyğun hesab edildi. Bu məqsədlə təxminən 10 milyon manat həcmində smeta hazırlanaraq hökumətə təqdim edilməli idi. Bakı Dövlət Universitetinin açılmasını sürətləndirmək və bu məsələni qısa müddətdə həll etmək məqsədi ilə 1919-cu il may ayının 19-da təşkilat komitəsi yaradıldı. Təşkilat komitəsinin qarşısına qoyulan əsas vəzifələrdən biri Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması üçün maddi texniki bazanın yaradılması, yüksək səviyyəli professor-müəllim kadrları ilə təmin edilməsi idi.Təşkilat komitəsi onlara tapşırılan vəzifəni layiqincə və yüksək səviyyədə yerinə yetirmək üçün dərhal işə başladı. Təşkilat Komitəsi yaradılandan 4 gün sonra, 1919-cu il may ayının 23-də ilk iclasını keçirdi. İclasda görüləcək işlər müəyyənləşdirildi və komitənin hər bür üzvünə müvafiq tapşırıqlar verildi. Yeri gəlmişkən onu da deyək ki, Təşkilat komitəsi Bakı Dövlət Universitetinin yaradılması məqsədi ilə may ayının 23-dən sentyabr ayının 9-na kimi 35 iclas keçirdi. Bu iclaslarda Bakı Dövlət Universitetinin yaradılması üçün nəzərdə tutulan bütün məsələlər uğurla həll edildi. Bakı Dövlət Universitetində tarix-filologiya, həmçinin bu fakultənin nəzdində Şərq şöbəsi, fizika-riyaziyyat, hüquq və tibb fakültələrinin fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmişdi.

Lakin müəyyən səbəblər üzündən yalnız iki fakültə – tibb və tarix-filologiya fakültələrinin saxlanılması daha məqsədəuyğun hesab edildi. Yeni yaradlacaq Universitetin rektoru məsələsinin həlli və onun yüksək səviyyəli elm adamına tapşırılması da asan olmadı. Uzun müzakirələrdən sonra qərara alındı ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə tanınmış pedaqoq və cərrah, tibb alimi Vasili İvanoviç Razumovski təyin edilsin. Bu olduqca düzgün və yerində qəbul edilən qərar idi. Çünki Razumovski həm mahir pedaqoq, həm tibb alimi, həm də yüksək səviyyəli təşkilatçı idi. Necə deyərlər bu seçim olduqca düzgün idi. Amma qeyd etdiyimiz kimi Bakı Dövlət Universitetinin vaxtında fəaliyyətə başlaması ilk növbədə onun təcrübəli pedaqoqlarla təmin edilməsindən asılı idi. Təcrübəli pedaqoqların tapılması və universitetdə işə cəlb edilməsi isə heç də asan məsələ deyildi. Çünki həmin dövrdə Bakı Dövlət Universitetində dərs deyəcək milli professor-alim kadrları az idi. Buna paralel olaraq Azərbaycan türkcəsində ali məktəblər səviyyəsində dərsliklər də çatışmırdı. Ona görə də Bakı Dövlət Universitetində ilk dövrdə dərslərin rus dilində keçirilməsi məqsədəuyğun hesab edilmişdi. Bakı Dövlət universitetinin yüksək səviyyəli müəllim kadrlarına olan ehtiyacını ödəmək məqsədi ilə rektor Razumovski ona verilən səlahiyyətlər çərçivəsində 1919-cu il sentyabr ayının 10-da Rusiyanın tanınmış universitetlərindəki tanışlarını Bakı Dövlət Universitetinda işə dəvət edir. Prosesi sürətləndirmək məqsədi ilə Razumovski, həmçinin, görkəmli tarixçi, publisist, ümumi tarix kafedrasının dosenti N.A.Dubrovski Rusiyanın müxtəlif şəhərlərinə, o cümlədən Rostov-Don, Yekaterinoslav və Xarkov şəhərələrinə gedərək oradakı professor və alimləri Bakı Dövlət Universitetində işləməyə dəvət etdilər. Onlara yüksək maaş, həmçinin yaşamaq üçün mənzil və digər sosial problemlərinin ödənilməsi vəd edilmişdi. Onların bu gərgin əməyindən sonra Bakı Dövlət Universitetinin fəaliyyətə üçün lazım olan müəllim-professor kadrı məsələsi demək olar həllini tapmışdı. Beləliklə Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması üçün lüzım olan qədər, yəni ilk tədris ilində universitetə ştat üzrə lazım olan 104 nəfər, o cümlədən 43 professor və dosent cəlb etmək mümkün olmuşdu.

Yeri gəlmişkən onu da deyək ki, Bakı Dövlət Universitetinin açılmasına şovinist “Daşnaksütun” partiyasından olan erməni millətçiləri, mürtəce “Slavyan-rus cəmiyyəti”, eləcə də “İttihad”, “Əhrar” partiyaları, “Müsəlman sosialist bloku” mane olmaq istəyirdilər. Onlar bunun əvəzinə xaricə oxumaq üçün müvafiq sayda gənclərin göndərilməsini istəyirdilər. Lakin Azərbaycanın mütərəqqi və uzaqgörən rəsmiləri, parlament üzvləri və qabaqcıl ziyalıları onların bu əsassız ididlarına qarş ıçıxdılar və universitetin açılması ideyasını dəstəklədilər.

Davamı var

Əziz Mustafa

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti ilə hazırlanıb

Oxuməni.az

Digər xəbərlər