Əliyev-Paşinyan görüşünə niyə ehtiyac duyulur: İrəvan Qərbi hələlik Bakı ilə əvəzləməyə çalışır

Əliyev-Paşinyan görüşünə niyə ehtiyac duyulur: İrəvan Qərbi hələlik Bakı ilə əvəzləməyə çalışır

22 Dekabr 2021 10:55
Bəyəndim (0) Bəyənmədim (3)

Avropa qurumları rəsmi Bakı ilə isti münasibətlər quraraq, Azərbaycanın patronajlığı altında formalaşmaqda olan Cənubi Qafqaz iqtisadi-ticari məkanında daha sərfəli iştirak payı qazanmağa üstünlük verirlər; Böyük ehtimalla Paşinyan hakimiyyəti yalnız vəd verən xarici himayədarlara ümid bəsləməkdənsə, zaman limiti dolmaqda olan Ermənistanı Azərbaycanla anlaşaraq, xilas etməkdən başqa yolun qalmadığını dəqiqləşdirib...

Oxuməni.az xəbər verir ki, Ermənistan müttəfiqsiz qalıb. Rəsmi İrəvan Tovuz hadisələrindən başlayaraq, sonrakı dönəmdə yürütdüyü avantürist hərbi-siyasi kurs nəticəsində müttəfiqlərini itirib. Və hazırda rəsmi İrəvanın əsas müttəfiqləri Ermənistandan demək olar ki, uzaqlaşmış durumdadır.

Məsələ ondadır ki, bütün bu müddət ərzində Ermənistanın hərbi-siyasi davranışları beynəlxalq hüquq normaları ilə kəskin ziddiyyətlər təşkil edib. Ona görə də, rəsmi İrəvan bu davranışlarına dəstək qazana bilmədi. Və Ermənistanın ənənəvi müttəfiqləri rəsmi İrəvanın avantürist hərbi-siyasi davranışlarına bulaşıb, beynəlxalq hüquqa zidd davranışlarına ortaq olmağa həvəs gpstərmədilər.

Ermənistanın ən yaxın müttəfiqi və əsas beynəlxalq himayədarı olan Rusiya II Qarabağ müharibəsində 44 gün ərzində neytral qalmağa çalışdı. Savaşdan sonra Ermənistanın biabırçı məğlubiyyətinin bütün günahını Rusiyanın üzərinə yükləməyə çalışdılar. Rusiyanı dolayısı ilə müttəfiqlik öhdəliyinə xəyanətdə suçladılar.

Digər tərəfdən, bu ittihamlara Ermənistanın Rusiyanın regional maraqlarına qarşı manevrləri də əlavə olundu. Rəsmi İrəvan Ermənistanı Rusiyanın təsir dairəsindən qoparıb, Qərbə yaxınlaşdırma kursu yürütdü. Və nəticədə Rusiya ilə müttəfiqlik münasibətləri qopma həddinə çataraq, formal xarakter aldı.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə müttəfiqlik münasibətləri də təxminən eyni taleyi yaşadı. Rəsmi İrəvan israrla KTMT-nı Azərbaycan ilə münaqişəyə cəlb etməyə cəhd göstərsə də, istəyinə nail olmadı. Əksinə, bu qurumun Azərbaycan ilə ortaq maraqları olan bütün üzvləri Ermənistanın haqsız dəstək çağırışlarını eşitmədilər. Və nəticədə rəsmi İrəvanın KTMT-ya olan ümidləri də boşa çıxdı.

Əslində, bu, qətiyyən təəccüblü deyildi. KTMT-ya liderlik edən Rusiyanın Azərbaycanla regional maraqları uzlaşır. Belarusun Azərbaycan ilə strateji əməkdaşlıq münasibətləri mövcuddur. Hətta rəsmi Bakı Avropa qurumlarında Belarus əleyhinə qərarlara dəstəkdən imtina etməklə, bu münasibətlərə sadiq qaldığını sübut etdi. Qarşılığında da Belarusun rəsmi Bakıya təşəkkürləri özünü çox gözlətmədi. Və Ermənistanın Azərbaycanla dost Belarusdan öz hərbi-siyasi avantüralarına dəstək qazanması artıq qətiyyən mümkün deyil.

KTMT-ya üzv olan Orta Asiya ölkələri Azərbaycanın da təmsil olunduğu Türk Dövlətləri Birliyində yer alırlar. Ortaq iqtisadi-ticari maraqları bölüşürlər. Hətta Qazaxıstan Azərbaycanı Avrasiya İqtisadi İttifaqına müşahidəçi statusunda qatılmağa dəvət edib. Qırğızıstan isə Orta Asiya və Cənubi Qafqaz ölkələrinin iqtisadi-ticari maraqlarını uzlaşdırmaq üçün "5+3" formatında əməkdaşlıq modelini gündəmə gətirib.

FG6i9m-VEAQw92R.jpg (70 KB)

Rəsmi İrəvanın hər an Azərbaycanla müharibəyə başlaya biləcəyinə ümid bəslədiyi İran artıq mövqeyini ciddi şəkildə dəyişib. Rəsmi Tehran indi Azərbaycan ilə daha yaxın münasibətlərə, iqtisadi-ticari əməkdaşlığa üstünlük verir. Bir müddət öncə rəsmi Tehranın olduqca məmnun qaldığı Azərbaycan, İran və Türkmənistan arasında önəmli enerji sazişi imzalanıb. Eyni zamanda, bu qonşu ölkənin Bakıdakı səfiri İran-Azərbaycan-Gürvüstan-Qara dəniz-Avropa nəqliyyat dəhlizinin anonsunu elan edib. Yəni, rəsmi İrəvanın böyük ümidkər bəslədiyi Fars Körfəzi-Qara dəniz nəqliyyat dəhlizi Ermənistandan deyil, məhz Azərbaycan üzərindən reallığa çevrilə bilər.

Göründüyü kimi, rəsmi İrəvan yenə də özünün heç bir perspektivi olmayan hərbi-siyasi avantüraları ucbatından önəmli geoiqtisadi və geostrateji layihələrdən kənarda qalmaq təhlükəsi ilə üzləşib. Halbuki, regional blokadadan çıxmağa çalışan Ermənistanın iqtisadiyyatı üçün həmin layihələr həlledici xarakter daşıya bilərdi. Və bu, Ermənistanın könüllü şəkildə blokada dövrünü uzatması, geopolitik intihar yolunu tutması anlamına da gəlir.

Ancaq rəsmi İrəvan bu yoldan böyük ehtimalla imtina etmək məcburiyyətində qala bilər. Çünki bir müddət öncəyə qədər Ermənistan son ümidlərini ABŞ və Fransaya, eləcə də, Avropada olan digər himayədarlarına bağlamışdı. Ancaq hazırda baş verənlər də göstərir ki, rəsmi İrəvanın ümid bəsləyə biləcəyi beynəlxalq siyasi iradə mərkəzi artıq demək olar, qalmayıb.

Məsələ ondadır ki, Soçi görüşünün tez-tələsik təşkil olunması Rusiyanın Qərb siyasi dairələrinin Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdə iştirakına imkan verməyəcəyini göstərdi. Üstəlik, Rusiya ilə yanaşı, Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransanın da Cənubi Qafqaza müdaxilə imkanlarının Ermənistanı məmnun edə biləcək səviyyədə olmadığı növbəti dəfə dəqiqləşdi. Və bu, Ermənistanın beynəlxalq dəstək şəbəkəsinin çökmək üzrə olduğunu göstərir.

Digər tərəfdən, Brüssel görüşünün nəticələri Ermənistana mövcud vəziyyəti və gələcək perspektivləri daha praqmatik şəkildə dəyərləndirmək şansı verdi. Çünki həmin görüşdə Azərbaycana təzyiq göstərmək cəhdi müşahidə olunmadı. Belə anlaşıldı ki, rəsmi İrəvanın bütün istəklərinə rəğmən Qərb siyasi dairələri Azərbaycanla münasibətləri korlamaqda qətiyyən maraqlı deyillər. Əksinə, indi Avropa qurumları rəsmi Bakı ilə isti münasibətlər quraraq, Azərbaycanın patronajlığı altında formalaşmaqda olan Cənubi Qafqaz iqtisadi-ticari məkanında daha sərfəli iştirak payı qazanmağa üstünlük verirlər.

Təbii ki, belə vəziyyətdə Ermənistan II Qarabağ savaşından sonra siyasi-diolomatik məkanda da təklənmiş kimi görünür. Ona görə də, rəsmi İrəvanın mövcud yeni geopolitik şərtlərə müqavimət göstərməsinin elə bir ciddi anlamı da qalmayıb. Əksinə, müqavimətin davam etdirilməsi Ermənistanın öz gələcək taleyinə qarşı savaş açması anlamı daşıyır. Yəni, rəsmi İrəvanın israrlı müqaviməti Ermənistandan başqa heç kimə ziyan vurmur.

Böyük ehtimalla rəsmi İrəvan mövcud durumdan və son baş verənlərdən müəyyən nəticələr çıxartmağa başlayıb. Bir müddət öncəyə qədər beynəlxalq hay-küyçülük metoduna sığınan rəsmi İrəvan indi Azərbaycanla daha intensiv təmaslara can atır. Çünki, Ermənistanın xilas yolunun Azərbaycandan keçdiyini artıq anlamağa başlayıblar. Və yalnız rəsmi Bakı ilə anlaşma mühitinin Ermənistana ayaqda qalmaq şansı vəd etdiyini də dəqiqləşdiriblər.

Soçi görüşündə Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev ilə ikitərəfli görüşlərə daha çox ehtiyac duyduğuna eyham vurmuşdu. Brüsseldə erməni baş nazir öz istəyinə nail oldu və Azərbaycan Prezidenti ilə təkbətək görüşə bildi. Üstəlik, Azərbaycan lideri ilə ikitərəfli görüşlərin davamlı xarakter daşıması barədə də razılaşma əldə etdi.

Son məlumatlara inansaq, Ermənistan baş naziri Nikol Paşinyanın həmin razılaşmadan maksimum səviyyədə yararlanmaq niyyətində olduğunu düşünmək olar. Belə ki, Ermənistanda nəşr olunan "Past" qəzetinin iddiasına görə, bu ilin sonuna kimi İlham Əliyevlə Nikol Paşinan arasında geniş tərkibli daha bir görüş keçiriləcək. Erməni qəzeti Paşinyan hakimiyyəti daxilində olan qaynaqlarına istinadən bu görüşün Rusiyada keçiriləcəyini, nəticə etibarilə isə bir çox önəmli proses üçün yekunlaşdırıcı səviyyədə məhsuldar ola biləcəyini vurğulayıb.

Hələlik rəsmi Bakı Ermənistan mətbuatının bu iddiasına heç bir reaksiya verməyib. Əslində, Paşinyan hakimiyyəti də görüşlə bağlı iddiaları təkzib etməyib. Ona görə də, iki ölkə liderləri ilə yanaşı, üçtərəfli komissiyanın üzvləri – baş nazirlərin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryanın, eləcə də müdafiə və xarici işlər nazirlərinin də iştirak edəcəyi iddia olunan növbəti Əliyev-Paşinyan görüşü hələlik aktuallığını qoruyub, saxlayır.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan mövcud reallığa yaxınlaşmaq məcburiyyətində qalıb. Böyük ehtimalla Paşinyan hakimiyyəti yalnız vəd verən xarici himayədarlara ümid bəsləməkdənsə, zaman limiti dolmaqda olan Ermənistanı Azərbaycanla anlaşaraq, xilas etməkdən başqa yolun qalmadığını dəqiqləşdirib. Əgər, bu ehtimal doğru çıxarsa, onda yaxın aylarda bütün region dövlətlərinin maraqlarına cavab verən proseslərin sürətlənə biləcəyi qətiyyən istisna deyil. Yeni Müsavat