Qarabağda bir neçə günlük müharibə GÖZLƏNİLİR - Rusiyanın oyunu qarışdırmaq PLANI

Qarabağda bir neçə günlük müharibə GÖZLƏNİLİR - Rusiyanın oyunu qarışdırmaq PLANI

28 Aprel 2022 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

Vətən müharibəsinin bitdiyi tarixdən bu yana Cənubi Qafqaza artıq təkcə Rusiya yox, xüsusilə də Ermənistan-Azərbaycan münasibətləri konteksində Qərbin də çox ciddi hərəkətliliyini müşahidə etməyə başlamışıq. Regionda postkonflikt dövrü artıq yeni mərhələyə qədəm qoyub. Belə ki, kapitulyasiya aktına (10 noyabr 2020-ci il) imza atmasından sonra ilk dəfə olaraq Ermənistan-Azərbaycan münasibətləri üçtərəfli formatda deyil, Bakı ilə İrəvanın birbaşa təması ilə diqqət çəkməyə başlayıb.

Nəzərə alsaq ki, bu təşəbbüs Brüssel görüşlərinin hər iki raundunda Avropa İttifaqının prezidenti Şarl Mişel tərəfindən gəldi və sözügedən ikitərəfli formatın faydası da sülh sazişinin imzalanması istiqamətində mühüm razılaşmalarla diqqət çəkir, belə nəticə çıxır ki, Qərb bu məsələdə ilk istəyinə çatdı. Yəni, Rusiya-Ukrayna müharibəsi fonunda Moskvaya qarşı bir cəbhə alan Avropa İttifaqı Cənubi Qafqazdakı proseslərdən Rusiyanı kənar qoymaq üçün konflikt tərəflərini Kremlin də iştirakı olmadan razılığa gəlməyin mümkünlüyünə inandıra bildi.

Belə görünür ki, həm İrəvan, həm də rəsmi Bakı bu təşəbbüsün verdiyi faydanı hiss etdikləri üçün hazırki vəziyyətdən məmnundurlar. Buna misal olaraq ilk dəfə olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin telefonla əlaqələrini, bu bağlantı zamanı həm sərhədlərin müəyyənləşməsi, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı komissiyaların hazırlanması və görüşünün təşkili ilə bağlı aparılan danışıqlarını göstərə bilərik.

Bəs Rusiya nədən narahatdır?

Çünki son 30 ildə ilk dəfə olaraq Ermənistan-Azərbaycan danışıqları Rusiyasız baş tutur. Rusiya ən çox ondan narahatdır ki, bu iki dövlət arasında sülh sazişi imzalanarsa, Kreml avtoimatik olaraq İrəvan və Bakıya təzyiq mexanizmindən məhrum olacaq. Bu isə təbii ki, rəsmi Moskva üçün böyük itki olacaq. Ona görə də Ermənistan-Azərbaycan sərhəddində, xüsusilə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında erməni diversantların təxribatlarının sayının artacağı da istisna edilmir. Rusiya vəziyyətə ələ almaq üçün hətta Aprel döyüşlərinin (2016), Tovuz hadisələrinin (2020) yenidən təkrarlanmasına qədər gedə bilər. Təbii ki, bunun bir adı var: nəyin bahasına olursa olsun, yerini qoruyub saxlamaq...

Nəzərə alsaq ki, 10 noyabr 2020-ci ildə Vətən müharibəsini dayandıran məhz Rusiya oldu və onun moderatorluğu ilə kapitulyasiya aktı imzalandı. Lakin o tarixdən bu yana - geridə qalan il yarım ərzində Rusiyanın iştirakı ilə dövlət başçıları səviyyəsində bir neçə dəfə üçtərəfli görüş keçirilsə də bunların bir nəticəsi olmadı və Ermənistan götürdüyü öhdəlikləri icra etməkdə üzərində elə bir ciddi təzyiq hiss etmədi, məsuliyyət daşımadı. Təbii ki, bu vəziyyət Bakını heç cür qane edə bilməz. Azərbaycan onsuz da 1992-ci ildən bu yana ATƏT-in Minsk Qrupunun səriştəsiz, məsuliyyətsiz, Ermənistanın yeni işğalına rəvac verən davranışlarından yetəri qədər çəkib. İndi Bakı daha yaxşı anlayır ki, erməni lobbi qruplarının xüsusilə böyük təsir imkanlarına malik olduğu dövlətlər ABŞ, Fransa və Rusiyadan bu məsələdə hər hansı bir ədalətli qərar gözləmək özü sadəlövlük olar.

Doğrudur, işğalı əbədiləşdirmək üçün yaradılmış Misnk Qrupu artıq demək olar ki, defakto mövcud deyil. Həmsədr dövlətlərinin artıq regionda mövqe savaşı qızışır. Bu isə Bakıya manevr imkanları açır, daha çox seçim imkanı yaradır. Qərbin birdən-birə hərəkətə keçərək Rusiyanı oyundan kənarlaşdırmaq istəyi Cənubi Qafqazda maraqları toqquşan qüvvələrin başlarının bir-birinə qarışmasına rəvac verir ki, Azərbaycan onun üçün həyati əhəmiyyət daşıyan bu fürsətdən maksimum yararlanmaqda maraqlıdır.

Biz bunu Bakının Ermənistana təklif etdiyi 5 maddəlik sülh təklifinin müddəlarına nəzər salarkən də aydın görürük. Artıq bu sülh təklifinə hazırda bir-birinə qarşı Minsk formatından çıxaraq müxtəlif səlahiyyətlər adı altında meydan oxumağa çalışan Qərb, ABŞ və Rusiya da Bakının İrəvana bu təklifini müsbət qarşılayır. Bu amil özü bir daha deməyə əsas verir ki, Azərbaycan növbəti istəyinə nail olmağa çox yaxındır. Ona görə ki, nəzər salsaq görərik ki, bu gün artıq ABŞ-ın "Qafqazda danışıqlar üzrə baş müşavir"i təyin etdiyi Endryu Şofer, istər Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev, istərsə də bu vaxta kimi ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri kimi tanınan Bris Rokuefeonun artıq Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə səfiri statusunda Ermənistanla Azərbaycan arasında Bakının təqdim etdiyi sülhtəklifinə uyğun olaraq iki ölkə arasında davamlı sülhə nail olmaq məqsədilə vasitəçi olmağa can atırlar.

Bu amil öz-özlüyündə bir daha təsdiq edir ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə tək 30 illik işğalı bitirmədi, eyni zamanda bu zamana kimi onaq qarşı cəbhə alan qüvvələri bir-biri ilə savaşmağa məcbur qoydu. Demək olar ki, rəsmi Bakı bu qədər qısa zaman ərzində mümkünsüz görünəni reallaşdırdı: Müharibədəki qələbəsini 44 günlük savaş zamanı ona qarşı cəbhə açan qüvvələrə bir-bir qəbul etdirdi, birləşərək Azərbaycana müxtəlif cəza kəsmək istəyən ermənipərəst rejimləri Rusiya-Ukrayna müharibəsi fonunda düşdükləri vəziyyətdən yararlanaraq bir-birindən qopardı, Cənubi Qafqazda Azərbaycana qarşı birqütb aıtında birləşən qüvvələri müxtəlif qütblərə bölməklə həm onların gücünü zəiflətdi, həm də qüvvələr nisbətini bərabərləşdirdi. Bu isə Bakının daha inamlı, daha qətiyyətli addımlar atması məsələsində özünə inamı biraz da artırmış oldu.

Azərbaycan Prezidentinin Şuşadan səsləndirdiyi mesajlarda bu qətiyyəti, bu inamı çox aydın sezmək mümkündür: "Yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq".

Dövlət başçısının bu açıqlamasından bir məsələni çox aydın anlamaq mümkündür: regiondakı hazırki vəziyyət Azərbaycan üçün 44 günlük müharibəyə kimi olan vəziyyətdən daha əlverişlidir, rəsmi Bakı hazırda regionda manevr etmək baxımından daha böyük imkanlara malikdir və indi Azərbaycanın yarımçıq qalan bəzi işlərini tamamlamaq üçün daha çox səbəbi var. Ermənistanın imzalasa da hələ də icra etmədiyi üçtərəfli bəyanatlar, üzərinə götürsə də hər dəfəsində ümxtəlif manipulyasiyalarla yayındığı öhdəliklər, sərhəddə günbəgün artan təxribatlar, revanşist çağırışlar səngimək bilmir. Bu isə həm Azərbaycanın suverenliyi, onun təhlükəsizliyi baxımından, həm də regionun inikişafı nöqteyi nəzərdən çox böyük təhdid deməkdir. Milli.Az