Dünyanı sınağa çəkən fəlakətlər və insan həmrəyliyi: İran bundan da üzüağ çıxa bilmir

Dünyanı sınağa çəkən fəlakətlər və insan həmrəyliyi: İran bundan da üzüağ çıxa bilmir

12 Fevral 2023 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Pis günlər və fəlakətlər bir qayda olaraq insanları birləşdirir. Müharibələr, zəlzələ, sel, pandemiya, meşə yanğınları və digər bu cür hadisələr fəlakətdir. İstər bir ölkənin daxilində, istərsə də dünya üzrə bunlar baş verdikdə insanlar həmrəylik nümayiş etdirirlər.

Cəmiyyətin bu cür davranışı hadisəyə kütləvi reaksiyasıdır və bunu instinktiv də saymaq olar. Bu, insanların birgəyaşayış zamanı təhlükəyə qarşı verdikləri cavabın müasir dövrdəki təzahürü də sayıla bilər.

İnsanların bir-birindən uzaq düşdükləri indiki dövrdə fəlakətlər müəyyən mənada onları yaxınlaşdırır. Bizdən fərdləşməyə, mənləşməyə doğru yuvarlanan cəmiyyət belə hadisələrdə həmrəylik nümayiş etdirməklə ilkin özəlliyini itirmədiyini göstərir. Yəni cəmiyyət nə qədər fərdləşsə də, kütləvi olaylara birgə reaksiya verib, müqavimət göstərir. Bu, həm də insanlığın mərhəmət və dərd ortaqlığı kimi yüksək keyfiyyətini saxlamasından irəli gəlir.

Azərbaycanda 44 günlük müharibə zamanı cəmiyyət daxili həmrəylik nümayiş etdirərək, işğala qarşı birliyini dünyaya göstərdi. İnsanların hər yerdə bir-birinə xoş münasibəti də həmin ağır günün həmrəyliyinə aid nümunələrdəndir...

Təxminən üç il öncə dünya koronavirus bəlası ilə üzləşdi. Düzdür, bu xəstəlik hələ davam edir. Ancaq dünya dövlətləri siyasi ambisiyalarını gizlətməsələr belə, ona qarşı mübarizədə birlik nümayiş etdirdilər. Koronavirusa qarşı vaksinlərin yoxsul ölkələrə pulsuz verilməsi, virusun yayılmasının qarşısını almaq məqsədilə karantin rejiminin ölkədaxili və sərhədlərdə tətbiqi həmrəyliyin nümunələrindən sayıla bilər.

Fevralın 6-da Türkiyənin 10 əyalətində baş verən 7,7 maqnitudalı zəlzələ cəmiyyətləri bir-birinə yaxınlaşdırdı. Türkiyəyə ABŞ, Böyük Britaniya, Rusiya, Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər - bir sözlə, yaxın, uzaq ölkələr yardım edirlər. Bir sıra dövlətlərdə könüllü olaraq zəlzələnin nəticələrinin aradan qaldırılması üçün yardımlar toplanır. Münasibətlərində gərginlik yaşanan Yunanıstan və əlaqələri kəsilmiş Ermənistanın yardımlarından belə, Türkiyə imtina etmədi. Hətta Əfqanıstanda silahlı çevriliş nəticəsində hakimiyyəti ələ keçirən “Taliban” hökuməti də Türkiyəyə yardım etmək üçün nağd maliyyə vəsaiti ayırdığını bildirib.

Zəlzələ Suriyaya da böyük ziyan vurub. Burada dövlət böhranı yaşanır. Orada ölkə ərazisinin bir hissəsinə mərkəzi hakimiyyət nəzarəti itirib. Beynəlxalq ictimaiyyət Bəşər Əsədi legitim saymır. Bununla belə, ABŞ və Avropa İttifaqı zəlzələdən zərər çəkən xalqa yardım edəcəklərini bildiriblər. Liviya isə Suriyaya uçuş üçün hava məkanını açıb.

İran da ilk gündən Suriyada təbii fəlakətdən zərər çəkənlərin yanındadır. Bəşər Əsədin himayədarı olan Rusiya da Suriya xalqına yardım və xilasedicilər göndərib.

Nə qədər acı olsa da, Güney Azərbaycanın Xoy şəhərində bir həftə ərzində ardıcıl iki dəfə baş verən 6 maqnitudalı güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün beynəlxalq həmrəyliyə Tehran rejimi icazə vermədi. Türkiyə və Azərbaycanın uyğun qurumlarının bu məqsədlə uzatdıqları əli İran tutmadı. Ancaq təbii fəlakətdən 11 gün sonra Rusiyanın Xoya göndərdiyi 35 tonluq humanitar yardımı qəbul etdi. Deməli, Xoyda vəziyyət hələ də ağır olaraq qalır. Əks halda Rusiyanın yardımını Tehran hakimiyyəti niyə qəbul edirdi? Yoxsa rejim bu məsələdə də fərq qoyur?! Əgər belədirsə, deməli, İran hakimiyyəti xəbis xislətlidir. Zəlzələ baş verən gün Türkiyə və Azərbaycanın humanitar yardımlarını qəbul etməyən İran hakimiyyəti hadisədən 11 gün sonra RF-nin 35 tonluq yükünü sevinərək qəbul edir...

Yaxud Xoydakı zəlzələdən zərər çəkənlərə yardımı gecikdirdiyi halda bu hakimiyyət Suriyada zəlzələ bölgəsinə özünü az qala hamıdan tez çatdırır.

Rejim Güney Azərbaycanın başqa şəhər və rayonlarından, etnik ərəblərin üstünlük təşkil etdiyi Xuzistandan könüllülərin yardımlarının Xoya çatdırılmasını da əngəlləyib. Hətta bu işi təşkil edən üç ərəbi həbs edib.

Tehran hakimiyyəti Azərbaycan və Türkiyəyə qıcıq verib, yerli əhalinin heysiyyəti ilə oynayaraq Xoyda zəlzələdən zərər çəkənlər üçün Ermənistandan göndərilən 42 ton yardımı qəbul edib.

Bundan sonra İran rejimi Türkiyə və Azərbaycanın İrana yardım etmədiyi, ancaq çətin vəziyyətdə olan Ermənistanın bu addımı atdığına dair təbliğat aparacaq.

Bu yerdə iki hadisəni xatırlamaq istərdik. 1980-ci illərin sonunda Gürcüstanda bəzi milliyyətçi dairələr Azərbaycana qarşı qızışdırıcı çıxışlar edirdilər. Həmin dövrdə, 1987-ci ildə Gürcüstanın Xobi rayonunun Çaladidi kəndini sel basmışdı. Orada hərbi xidmətdə olan Azərbaycanın Ağdam rayonun Mahrızlı kənd sakini, 20 yaşlı Rahib Məmmədov kəndin 28 sakinini seldən xilas edərək qəhrəmancasına həlak olmuşdu. Gürcüstandakı milliyyətçilər, Azərbaycanla Gürcüstanın münasibətlərinə ziyan vurmağa çalışanlar bunu nəzərə almadılar. Düzdür, sonralar münasibətlərdə Rahib Məmmədovun adı yad edildi.

1988-ci il dekabrın 7-də Ermənistanın Spitak rayonunda zəlzələ baş verdi. Həmin ilin fevralında isə ermənilər sovet əsgərləri ilə birlikdə azərbaycanlıları Ermənistandan zor gücü ilə çıxarmışdılar. Bununla belə, Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan oldu. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan zəlzələ zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrup qəzaya düşdü: “İL-76” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak oldu. Hadisənin səbəbləri bu günədək aydınlaşdırılmayıb.

Bu üç hadisə onu göstərir ki, xəbis xislətlilər insanların həmrəyliyinə həmişə mane olublar. Sevindirici hal odur ki, onların sayı çox azdır. Belələri heç insansevərlilik okeanının bir damlasını da təşkil etmirlər. Pandemiya və Türkiyədəki zəlzələ sübut etdi ki, mənləşmə insanları ümumi dəyərlərdən ayıra bilməyib. Bəzən informasiya sahəsində texnoloji inqilabın insanların bir-birindən uazaqlaşmasına xidmət etdiyini söyləyirlər. Bunu inkar etmirik. Ancaq fəlakətlərin baş verməsi xəbərinin yayılmasında, onun nəticələrinin aradan qaldırılmasında İT inqilabının əhəmiyyəti də danılmazdır. Beləliklə, son üç ildə baş verən bu iki hadisə insan cəmiyyətinin ali məqsədlərə hələ əməl etdiyini bir daha isbatladı. Bu isə dünyanın gözəlliyidir...

“Report” İnformasiya Agentliyi