AZƏRBAYCANDAKI ÜMUMBƏŞƏRİ MƏBƏDİN DAŞLARI MİNİLLƏRDİR QOYULUR

AZƏRBAYCANDAKI ÜMUMBƏŞƏRİ MƏBƏDİN DAŞLARI MİNİLLƏRDİR QOYULUR

7 Mart 2023 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

XXI ƏSRİN REALLIĞI

Dünya XXI əsrdə bir çox bəlalarla üz-üzə qalmışdır. Terrorizm, ekstremizm, separatizm bu bəlaların müxtəlif növləridir. Məsələyə dərindən nüfuz etdikdə aydın olur ki, problemlərin kökündə dini dözümsüzlük, ictimai aqressiya durur. Bu gün bütün dünya yaranmış vəziyyətdən çıxış yolları axtarışındadır. Lakin nə qədər qəribə səslənsə də, şərq və qərb mənəviyyatı həll yollarını müxtəlif cür görür. Bu isə minilliklərlə formalaşan dini, milli, əxlaqi dəyərlərin müxtəlifliyindən irəli gəlir. Nəticədə problem öz köklü həllini tapa bilmir. Halbuki bütün cəmiyyətləri eyni dərəcədə qane edə biləcək həll yolları vardir. Bu tolerantlıq, dini dözümlülük və qarşılıqlı əməkdaşlıqdır. Söhbət terroristlərlə bir masaya oturub onların tələblərini dinləməkdən getmir. Məsələnin mahiyyətində terroru, ayrı-seçkiliyi yaradan şəraitin ortadan qaldırılması durur. Bu isə mümkündür və vacibdir. Bunun üçün Azərbaycan reallıqlarına nəzər salmaq kifayətdir.

ZƏNGİN MİLLİ İRS

Cəmiyyətimizə, onun tarixi təkamül yoluna yaxından bələd olanlar bilirlər ki, sualın cavabı çox sadədir. Azərbaycan xalqı minilliklərdən gələn zəngin milli-mənəvi dəyərlərə malikdir. Bu dəyərləri formalaşdıran xalqımızın tarixi kökləri, milli qaynaqlarıdır. Belə ki, bayrağımızda və gerbimizdə yer alan səkkizguşəli simvol bizim zəngin ğenofondumuzdan xəbər verir. Başqa sözlə desək, xalqımız müxtəlif etnik kökləri özündə ehtiva edən, bu zənginlikləri qoruyub saxlayan nadir xalqlardan biridir. Cəmiyyətimizdəki tolerantlığın əsasında da məhz bu zənginliklər durur. Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları dünyagörüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir.

MÜSTƏQİLLİYİN İLK İLLƏRİ

Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur. Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir miftəlqin etməyə çalışırdılar ki, güya Azərbaycandan "islam təhlükəsi" gözlənilir. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşdı.

BƏRPA OLUNAN ƏDALƏT

Şübhəsiz ki, dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də müəyyən xidmətləri var. Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Açılış mərasimində sabiq prezident – Ulu Öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etmişlər. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olunmuşdur. Polşalı keşiş Yerji Pilyusun səyləri nəticəsində qeydiyyatdan keçən respublikanın katolik icması da hakimiyyətin qayğısından kənarda qalmır. İlk iclaslar dindarların mənzillərində keçirilirdi, 2000-ci ildə isə bu məqsədlər üçün bina alınmış və o kiçik kilsəyə çevrilmişdi. Katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir, ibadətlər bazar və dini bayram günləri yerinə yetirilir.

ULU ÖNDƏR TÖVSİYƏSİ

"İslam sivilizasiyası Qafqazda" mövzusunda Beynəlxalq simpoziumda Ulu Öndər cəmiyyətimizdə dinlərin yeri haqda demişdir: "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar".

TARİXİ UĞURUN MƏNTİQİ SONLUĞU

Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xaricdə yüksək qiymətləndirilmiş və tanınmışdır. Bunun bariz nümunəsi- Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin respublikaya etdiyi tarixi səfəridir (22-24 may 2002 il). Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. O demişdir: "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir".

Göründüyü kimi, dini tolerantlıq Azərbaycançılıq ideyasının tərkib hissəsidir. Bu məntiqə əsaslanan ölkə rəhbərliyi daim bütün dinlərə eyni dərəcədə qayğı və diqqət göstərir. Bu isə başda Prezident olmaqla bütün Azərbaycan xalqının uğurudur.

Murad Şahməmmədov