ABŞ-Türkiyə əlaqələrinə - Ağır zərbə

ABŞ-Türkiyə əlaqələrinə - Ağır zərbə

13 Dekabr 2019 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini təsdiqləməsi gözlənilən idi.

Oxumeni.az xəbər verir ki, bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, ötən gün qətnamənin qəbul edilməsinin iki əsas səbəbi olduğunu bildirib:

“Birinci səbəb o idi ki, Nümayəndələr Palatası “erməni soyqırımı” qətnaməsini böyük səs çoxluğu - 405 səslə qəbul etmişdi. Qətnaməyə həm demokratlar, həm də respublikaçılar birgə səs vermişdilər, yəni erməni məsələsində bir-biri ilə mübarizə aparan iki partiya konsensus əldə etmişdi. İkincisi, baxmayaraq ki, Senatda respublikaçılar çoxluqdadır, onlar da Türkiyənin Rusiya ilə əməkdaşlığından, S-400 raketlərinin alınmasından narazıdırlar. Yəni demokratlar və respublikaçılar məlum qətnaməni erməniləri sevdiklərinə görə qəbul etməyiblər. Onların əsas hədəfi qəbul edilən qətnamə vasitəsilə Türkiyəni cəzalandırmaqdır”.

E.Şahinoğlu “erməni soyqırımı” məsələsinin bu günə qədər müxtəlif dövlətlər tərəfindən qəbul edildiyini, lakin bunun Türkiyəyə təsiri olmadığını xatırladıb:

“Özləri çalıb, özləri oynayırlar” sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur. Bu günə qədər onlarla dövlət “erməni soyqırımı” qətnaməsini qəbul edib. Bu, Türkiyənin siyasətinə zərrə qədər də təsir etməyib. Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır. Ancaq Türkiyə S-400 raketlərində geri addım atmadığına görə Trampın hansı qərar verəcəyini söyləmək çətindir. Ancaq nə vaxtsa hansısa ABŞ prezidenti “erməni qətnaməsi”nə imza atacaq”.

Ekspert sözügedən qətnamənin Türkiyə-ABŞ münasibətlərinə böyük zərbə vurduğunu söyləyib:

“ABŞ bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir. Türkiyədə hakimiyyətdə Ərdoğanın yerində gələcəkdə kim olsa belə, dərin yaralar alan Türkiyə-ABŞ münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq çətin olacaq”.

Analitikin sözlərinə görə, “erməni soyqırımı” qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz:

“Bu tək ABŞ-a aid deyil, münaqişənin həlli ilə məşğul olan digər iki həmsədr dövlət - Fransa və Rusiya parlamentləri də keçmiş illərdə eyni qətnaməyə səs veriblər”.

Qeyd edək ki, ABŞ Senatı ötən gün qondarma erməni soyqırımı qətnamə layihəsini qəbul edib. Qətnamə layihəsi imzalanması üçün ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az