“Səsin yoxdursa sən heç kimsən, heç kimə lazım deyilsən”

“Səsin yoxdursa sən heç kimsən, heç kimə lazım deyilsən”

24 Sentyabr 2023 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

“Kənddə yaşadığım hər günüm xoşbəxt, qayğısız günlər idi. İnsanlara məhəbbətlə baxırdıq, elə bilirdin hamı daha yaxşıdır, daha səmimidir. İnsanlarda o qədər səmimiyyət, o qədər təmizlik var idi ki. Bəzən məndən soruşurlar ki, dincəlməyə hara gedirsən?! Deyirəm ki, mən hara gedəcəm? İmkanım, vaxtım olanda kəndə gedirəm. O mənim üçün tamam başqa ruhdur. Bütün dünyanı gəzsəm də kənddən aldığım zövqü heç yerdən almıram”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elnarə Abdullayeva deyib. O daha sonra əlavə edib.

“Bəzən elə olub ki, xəstə olmuşam, amma efirlərə getmişəm. Səsim çıxmayıb ki, ürəyim istəyən kimi oxuyum. Kim olursan ol, əsas odur insan olasan. Bütün müğənnilər səsləri işləməyən vaxtı özlərini qoysunlar qabaqlarına. Səsin yoxdursa sən heç kimsən, heç kimə lazım deyilsən. Bunu dərk edən insan heç vaxt qudurmaz” deyə xanəndə bildirib.

Sənətkar ailəsindən də danışıb.

“Anam sərt idi, atam ona nisbətən yumşaq xasiyyətli idi. 6 bacı, 3 qardaş olmuşuq. Mənim əkiz tayım da var. Evin 8-ci uşağı olmuşuq. Hərdən deyirəm ki, nə yaxşı ki, mən belə bir ailədə dünyaya göz açmışam, anamın-atamın tərbiyəsini görmüşəm” deyə xanəndə bildirib.

Əməkdar artist ustadı, böyük sənətkar Ağaxan Abdullayevdən də danışıb.

“9 il xalq artisti Ağaxan Abdullayevin tələbəsi olmuşam. Qürurla yaşayıb, dünyadan köçmək hər adama qismət olmur. O mənim müəllimimdir, onunla fəxr edirəm. Mən dünən də, bu günləri də, sabah da fəxr edəcəm ki, Ağaxan Abdullayevin tələbəsi olmuşam. Xarakter olaraq da, sənət olaraq da ondan çox şey öyrənmişəm. Ölümündən 10 gün əvvəl yanına getmişdim. Xəstə halıyla konsertimə də gəlmişdi. Amma ürək edib ondan soruşmadım ki, konsert necə idi? Bəlkə də qəlbimə dəyməyəcəkdi, nəsə deməyəcəkdi. Amma yenə də soruşmadım” deyə xanəndə bildirib.