"Ər quyusu" filminin qala gecəsi baş tutdu

"Ər quyusu" filminin qala gecəsi baş tutdu

16 Fevral 2017 10:37
Bəyəndim (0) Bəyənmədim (0)
Tanınmışlar Nizami Kino mərkəzinə axın etdi

Dünən Nizami Kino Mərkəzində Səidə Haqverdiyevanın "Qara qızın qara bəxti" adlı hekayəsinin motivləri əsasında "Ər quyusu" adlı filminin qala gecəsi baş tutdu.

Tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva (Kukla Teatrının rəhbərinin həyat yoldaşıdır – K.A.), quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır.

Filmdə əsas rolları əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva ifa edirlər. Əlavə edək ki, "Oyuq" Uşaq Teatrının aktrisalarından olan Selcan Xatun da filmdə rol alıb.

Mövzusu ailə-məişət hadisələrindən götürülmüş tragikomik filmdə 6 qızı olan və oğul övladı dünyaya gətirmək üçün falçıya gedən ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atanın problemi qabardılıb.

Filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılib. Filmin xronometrajı 95 dəqiqədir.

Filmin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.

P.S. Əlavə edək ki, qala gecəyə bir çox tanınmış simalar qatılmışdı. Əməkdar artist Mətanət İsgəndərli, Firuzə İbadova, Rəhman Rəhmanov, müğənni Aysel Əlizadə, Roza Zərgərli, aparıcı Emin Musəvi, bəstəkar Vüqar Camalzadə, Oqtay və Dilarə Əliyevalar və digərləri qatılmışdı. Aparıcılıq işi isə teleaparıcı Zümrüd Qaımovaya həvalə edilmişdi.

Hazırladı: Könül AYPARA