"Ay Laçın”ı oxuyan ərəb gözəli haqda bilmədiklərimiz – VİDEO

"Ay Laçın”ı oxuyan ərəb gözəli haqda bilmədiklərimiz – VİDEO

24 Fevral 2017 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günlərdə sosial şəbəkələrdə ərəb müğənnisi Abir Nehmenin valehedici ifasında Azərbaycan xalq mahnısı "Ay Laçın" ifası yayıldı. Qeyd edək ki, müğənnini fortepianoda Azərbaycanın xalq artisti, tanınmış pianoçu Murad Hüseynov müşayiət edib. İfa olduqca gözəl, ürəyəyatımlı olduğu üçün izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Maraqlıdır, Azərbaycan xalq mahnısının gözəl ifaçısı olan ərəb müğənnisi kimdir?

Beləliklə, müğənnin kimliyi haqda kiçik araşdırma apardıq. Məlum oldu ki, Abir Nehme əslən ərəbdir, 1980-ci ilin 19 mayında Livanda anadan olub. O, peşəkar müğənni və musiqişünasdır. Zamanında Saint-Esprit universitetinin bakalavr dərəcəsini bitirib. Müğənni repertuarında bir çox xalqların, ayrı-ayrı dinlərə məxsus musiqilərdən, o cümlədən əski etnik mahnılardan istifadə edir. Qeyri-adi istedada, səs malik olan müğənni tez bir zamanda Livanda, Yunanıstanda və digər ölkələrdə tanınmağa başlayıb.
Abir Nehme artıq təkcə müğənnilik fəaliyyəti ilə deyil, müxtəlif ölkələrin milli musiqilərindən ibarət sənədli filmlər hazırlamaqla da məşğuldur. O, Azərbaycan musiqisi ilə də bağlı 3 seriyalı sənədli film hazırlayıb. Azərbaycanın Fransadakı səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə hazırlanan sənədli filmdə Azərbaycanın muğam, aşıq və caz musiqisi tərənnüm olunur. Qeyd edək ki, ötən il filmin 1-ci seriyası ərəb ölkələrində yayılan "Al Mayadeen" televiziya kanalında nümayiş olunub.

Abir Nehme Bakıda səfərdə olarkən Azərbaycanın bir çox xalq mahnıları ilə yaxından tanış olur və məşhur "Küçələrə su səpmişəm", "Getmə-getmə" mahnılarını öz repertuarına salır, "Sarı gəlin" mahnısını isə sənədli filmdə ifa edir. (musavat)

Mediainfo.az