Azərbaycanın ilk qorxu filminin Qala Gecəsi baş tutdu - VİDEO
Dünən Nizami Kino Mərkəzində Azərbaycanın ilk mistik trilleri olan "XƏNNAS" filminin möhtəşəm Qala Gecəsi baş tutdu.
Yüksək səviyyədə təşkil olunmuş gecə tam fərqli, dinamik və rəngarəng keçdi. Səbəbkarlardan savayı, tanınmışlar, eləcə də sıravi vətəndaşlar da gecədə iştirak etdilər.
Xatırladaq ki, filmin rejissoru Elvin Abdulla, səs rejissoru KotaMedia şirketinin rəhbəri Seymur S.Əliyevdir.
Azərbaycanda janr baxımından yeniliyə imza atan ilk qorxu filmində istedadlı aktyorların ifasında amansız ölümlər, qorxulu ruhlar, təhlükəli hadisələr, bir sözlə, həyəcan dolu anlar yaşanıldı. Rolları Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Zarina Qurbanova və başqaları ifa ediblər.
"Bu filmin ideya müəllifi və direktoru da elə özüməm", - deyə mediaya açıqlama verən rejissor Elvin Abdulla "Xənnas"a 100 min AZN-dən çox pul xərcləndiyini də etiraf etdi:
- Qardaşım avtomobilini və evini satdı bu işə görə. Uğurlu alınacağına əmin idim. Baş sponsor "Min bir halal nemət" şirkətidir.
Elvin Abdulla "Xənnası"ın mənasını da açıqlamağı unutmadı:
- Filmin adı "Qurani-Kərim"də olan Nas surəsi ilə bağlıdır. Həmin surədə deyilir ki, "sığınıram Allaha, xənnaslıq edən şeytanın şərindən". Xənnaslıq istədiyini səndən almayınca əl çəkməyən varlığa deyirlər. Məhz buna görə film "Xənnas" adlanır.
E.Abdulla bundan öncə bir neçə filmdə ikinci rejissor vəzifəsini yerinə yetirib, bununla bərabər bir çox reklam çarxlarına quruluş verib. Bu onun quruluşçu rejissor kimi tammetrajlı ilk bədii filmidir. Gənc olmağına baxmayaraq, Elvin bir çox uğurların sahibidir. Buna misal olaraq, lentə aldığı "Məriz" qısametrajlı filmi ilə "Bakı Oskarı" film festivalında "ən yaxşı aktyor işi", "ən yaxşı aktrisa işi", "ən yaxşı operator işi" və "ən yaxşı film" nominasiyaları üzrə 4 mükafat qazanmasını göstərmək olar:
- "Xənnas" filminin ideyası haqqında çoxdan düşünürdüm. Azərbaycanın kino sənayesində qorxu janrı yoxdur. Hətta heç sovet dövründə də çəkilməyib. Əslində bu layihə ilə heç də bir ilkə imza atmaq kimi fikrimiz yox idi. Yeni bir janr üzərində işləmək istəyirdik. Bildiyiniz kimi, komediya janrında kifayət qədər filmlər və seriallar çəkildi. Onlardan biri "Xoxan"dır ki, mən orada ikinci rejissor kimi fəaliyyət göstərmişəm. Fərqli bir şey etmək istəyirdik. Çox düşündük və belə qərara gəldik ki, madam, bizdə qorxu janrında film çəkilməyib, bu janrda film çəkək. Bu işlə məşğul olan dostlarımızın motivasiyasının da rolu böyük oldu. Belə ki, bunun böyük risk olduğunu, əslində bizim belə bir filmi çəkməyimizin imkansız olduğunu bildirirdilər. Digər janrlarda filmlər çəkildi, onlar o qədər də uğurlu alınmadı deyə, dostlarımızın 90 faizi deyirdi ki, bu işə girmək böyük risk tələb edir. Biz deyilənlərin heç birinə fikir vermədik, öz işimizi gördük. Allahın da köməkliyi ilə film hazır oldu. Filmin 90 faizi Şəkidə, iki epizodu Qaxda, bir də Bakıda aparılıb. Nə bu janrda Azərbaycanda kino çəkilib, nə də bu janrda bir aktyor oynayıb.
P.S. Qala Gecəyə təşrif buyuran tanınmışlar arasında yumor ustası Müşfiq Şahverdiyev, Günay İbrahimli, Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, xanımı Səidə Haqverdiyeva, əməkdar artist Anar Heybətov, aktyor Rəşad Kəsəmənli, "Bu şəhərdə"nin üçlüyü əməkdar artisrtlər Coşqun və Rəfael, Muşfiq, rejissor Kənan M.M., aktrisa Almaz Mustafayeva, İlham Əsədov, Ramin Hacıyev və s. var idi.
P.S.S. Onu da xususi olaraq vurğulayaq ki, "Xənnas" filminin rejissoru Elvin Abdulla uşaqların sevimlisi olmuş, "Şurun burun" kimi tanınan Fərman Şəkilinin (Abdullayev) oğludur. Fərman Şəkili 2013-cü ildə dünyasını dəyişib.
Hazırladı: Könül AYPARA











































.jpg)
.jpg)






.jpg)






















.jpg)




















