Yük maşınına çırpılan "Mercedes" mağazaya girdi

Yük maşınına çırpılan "Mercedes" mağazaya girdi

21 Fevral 2013 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə Bakının Yasamal rayonu ərazisində Azərbaycan prospektində yük maşınının aşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Məmmədov Tural Əli oğlunun idarə etdiyi ağır tonnajlı yük maşınının idarəetməsinin itirilməsi nəticəsində meydana gəlib. Hadisə zamanı "Shackman" markalı yük maşını yol kənarında park edilmiş "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Toqquşmadan sonra yük maşını səkilərə dəyərək aşıb. Sürücünün sözlərinə görə, qəza avtomaşında yaranmış nasazlıq nəticəsində baş verib.
Qeyd edək ki, qəza zamanı yük maşını çınqıl daşlarla yüklü olub. Maşının aşması nəticəsində həmin daşlar əraziyə dağılıb.
Zərbənin gücündən minik avtomobili dayandığı yerdən bir neçə metr irəli sıçrayıb və ərazidə olan mağazalardan birinə çırpılıb. Hadisə zamanı yük maşınının sürücüsü yüngül bədən xəsarətləri alıb. Ona hadisə yerinə çağırılmış təcili yardım briqadasının həkimləri yardım göstəriblər.
Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb. Hadisənin dəqiq baş vermə səbəblərinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.

O.M.