Casusluqda ittiham olunanların apellyasiyası olub

Casusluqda ittiham olunanların apellyasiyası olub

13 Oktyabr 2014 17:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apelyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Ağamir Ağamirov və Hafiz Vəliyevin apelyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə Azərbaycan vətəndaşları – Ağamir Ağamirov və Hafiz Vəliyevin şikayətləri üzrə məhkəmə prosesini keçirilməsi baş tutmayıb. Buna səbəb Hafiz Vəliyevin vəkilinin Ali Məhkəməyə kasasiya şikayəti verməsi olub.

Bundan əvvəl keçirilən prosesdə Hafiz Vəliyevin vəkili şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Lakin məhkəmə onun vəsatətini təmin etməyib və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edib.

Hafiz Vəliyevin vəkili Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından kasasiya şikayəti verilib. Şikayətə baxılması üçün iş materialları baxılması üçün Ali Məhkəməyə göndərilib. Buna görə də apelyasiya instansiyasında məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Azərbaycan vətəndaşları – Ağamir Ağamirov və Hafiz Vəliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağamir Ağamirov və Hafiz Vəliyev ömürlük azadlıqdan məhrum ediliblər. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində birinci məhkəmə instansiyasının hökmünün ləğv edilməsini və müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Ağamir Ağamirov və Hafiz Vəliyev İran İslam Respublikasının xüsusi xidmət orqanı olan "Sepah"la məxfi əməkdaşlıq edib, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları "Sepah"ın əməkdaşlarının əlaqəsinə təqdim ediblər. Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. Müəyyən olunub ki, təıqsirləndirilən şəxslər Azərbaycan-İsrail arasında olan münasibətlər barədə məlumatlar toplayıblar və həmin məlumatları "Sepah"a ötürüblər.

İnarə Rafiqqızı