Yasamalda yaşlı ağacların kəsilmə səbəbi məlum oldu - FOTO

Yasamalda yaşlı ağacların kəsilmə səbəbi məlum oldu - FOTO

1 Aprel 2016 17:54
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtımızda tez-tez rastlaşdığımız hadisələrdən biri də yaşıllıqların məhv edilməsidir.

Gündən-günə havası çirklənən Bakıda insanlar ağacların kəsilməsinə həssas yanaşır, bu oksigen deposunun qədrini bilirlər. Ona görə də tez-tez redaksiyamıza "filan yerdə yaşıllıq məhv edilir" tipli həyəcan dolu zənglər gəlir.

O cür zənglərdən biri bu gün Yasamaldan gəldi. Biz də "Yasamalda 30 ilin ağaclarını kəsirlər" deyə məlumat verən Bakı sakininin xəbərinin izi ilə hadisə yerinə yollandıq.

Deyilən yerə çatanda məlum oldu ki, xəbər doğrudur. Gerçəkdən də isnad verilən yerdə ağacları kəsirdilər. Fəqət bilindi ki, məsələ kənardan göründüyü kimi deyil.

Yasamal rayonu, Əhməd Cəmil küçəsində həqiqətən də qoca ağaclar kəsilməkdəydi. Qoca ağaclar kəsilir, cavan ağaclar budanırdı və ətrafa dəyə biləcək ziyanın qarşısı öncədən alınırdı.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ərazidə çalışam əməkdaşlarının sözlərinə görə, ərazidə heç bir cavan ağac kəsmirlər: "Gördüyünüz kimi, biz ancaq budama işi aparırıq. Bu ağacların azı 30-40 yaş var. Bəzi hissələri çürüyüb. Biz onları kəsirik ki, möhkəm külək əsən zaman qırılıb, ətrafda yaşayan sakinlərə xəsarət yetirməsin".

Birliyin əməkdaşı iddiaları təkzib etdi: "Bizim işimiz yaşıllığı qorumaqdır, onu məhv etmək deyil. Yol kənarında və binaların həyətində yeni ağaclar əkmişik. Bundan sonra da əkəcəyik. Hazırda budanmış ağacların kəsilən hissələrini maşınla doğrayıb, daşıyırıq. Camaat da bunu görüb, səhv başa düşüblər".

Bina sakinləri ağacların budanma işlərinin onların istəyi ilə həyata keçirildiyini dedilər. Bina sakini Azər Əliyevin sözlərinə görə, həyətdə maşın saxlamağa çəkinirlər: "Mən 30 ildir bu həyətdə yaşayıram. Bu ağaclar daha öncədən də vardı. Yəni ki, yetərincə yaşlı ağaclardır. Amma qurumayıblar. Sadəcə, bəzi qollarının budanması lazım idi. Külək əsəndə qorxurduq ki, düşər maşınların üstünə. Bu dövrdə belə ziyanın altından çıxmaq olmaz. Ona görə də, müraciət etdik ki, ağaclar budasınlar".

Beləcə, məsələnin əsl səbəbi məlum oldu. Ağacların qorunması ilə yanaşı, vaxtaşırı budanması da vacibdir. Ən vacib olanı isə yeni ağaclar əkməkdir. (musavat)

Mediainfo.az