İlqar Məmmədov barədə qərar sabah elan olunacaq
Sabah Şəki Apellyasiya Məhkəməsində həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovun apellyasiya şikayəti ilə bağlı qərar elan olunacaq.
Bu barədə vəkil Cavad Cavadov məlumat verib.
Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və "Real" hərəkatının həmsədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar 2013-cü il yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndiriliblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.
Qeyd edək ki, İ.Məmmədov Şəkiyə həbsxanadan şəxsi əşyaları ilə birlikdə aparılıb. Bu səbəbdən ailə üzvləri və vəkili hesab edirdi ki, onun azadlığa buraxılması gözlənilir. İ.Məmmədovun azadlığa buraxılmasını Azərbaycan hakimiyyətindən beynəlxalq təşkilatlar, ABŞ və Avropa İttifaqı xahiş edir.
İnarə Rafiqqızı




























































































