M.Ş-nın sədri və redaktorlar "Xural"ın əmlakının müsadirə olunmasını birmənalı qarşılamadılar

M.Ş-nın sədri və redaktorlar "Xural"ın əmlakının müsadirə olunmasını birmənalı qarşılamadılar

20 Oktyabr 2011 18:37
Bəyəndim (0) Bəyənmədim (0)
Media təəssüf hissi bildirir

Azərbaycan Mətbuat Şurası sədri Əflatun Amaşov adı Şuranın "qara siyahısı"na daxil edilmiş "Xural" qəzetinin əmlakının Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş idarəsi tərəfindən müsadirə edilməsinə münasibətini açıqlayıb. O, bildirib ki, hazırda ictimailəşməli, ictimailəşməsinə zərurət duyulan məsələ məhkəmə qərarı ilə "Xural"ın əmlakına müsadirə qoyulması deyil, həmin qəzetin timsalında mətbu müstəvidə meydana çıxan təhqirlər, böhtanlar, hədə-qorxular və insanların heysiyyətinə toxunan digər xoşagəlməzliklərdir: "Bu gün baş verənlər nəşrin insan şərəf və ləyaqətinə etinasız yanaşmasının, peşə davranışı qaydalarına bilərəkdən əməl etməməyin, bu sayaq nöqsanların aradan qaldırılması istiqamətindəki tövsiyələrdən nəticə çıxarmamasının nəticəsidir".

MŞ sədri bildirib ki, rəhbərlik etdiyi qurum birmənalı qaydada jurnalistlərin yazdıqları yazıya görə həbsinin əleyhinədir. Buna görə də diffamasiya ilə bağlı qanun layihəsi hazırlayıb: "Amma bu qanun jurnalistləri məsuliyyətdən azad etmir. Əksinə diffamasiya mühiti onları həssas münasibətə səsləyir. "Xural" qəzetindən bu həssaslığı görməmişik. Şuraya nəşrin fəaliyyəti ilə bağlı şikayətlər indi də daxil olmaqdadır. Düşünürəm ki, şikayətçilərin hər biri nəşr barədə eyni məzmunlu məhkəmə ölçüsünün götürülməsinə nail ola bilərdi. Bunun üçün hüquqi əsasları da var".
"Əgər ortada məhkəmə qərarı varsa, bu qərarın icrası həyata keçirilməlidir. Qərar hansı qəzetlə bağlı olur-olsun, icra olunmalıdır". Bunu fikri isə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib. O qeyd edib ki, Azərbaycanda çox vaxt məhkəmə qərarlarının icrası lazımi səviyyədə keçirilmir: "İndi burda qərar icra olunub, mən də qeyri-adi bir şey görmürəm. "Xural" qəzeti ilə bağlı Mətbuat Şurası da müzakirələr aparıb, bu qəzetin adını "qara siyahı"ya saldı. Hər halda, müsadirə məsələsi son vaxtlarda gündəlik çıxan bu qəzetin fəaliyyətinə təsir edəcək. Amma gərək "Xural" qəzeti də bu məsələləri nəzərə alsın, gələcək fəaliyyətində insanlarla bağlı təhqir və böhtanlara yol verməsin".
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu isə açıqlamasında bildirib ki, bir qəzetin əlindən kompüterlərinin alınması istənilən halda normal deyil: "Eyni zamanda mən məhkəmə qərarı ilə tanış olmuşam. Məhkəmə qərarında qərardadın dərhal icraya yönəldilməsi göstərilməyib. Hər halda bu, arzuolunmaz haldır".
"Ədalət" qəzetinin təsisçisi və baş məsləhətçisi Aqil Abbas açıqlamasında heç bir qəzetin əmlakının müsadirə olunmasının tərəfdarı olmadığını bildirib: "Belə şeylərə bir qədər diqqət ayrılmalıdır. Amma bilirəm ki, kimsə məhkəmədə uduzubsa, müvafiq cəriməni ödəməlidir. Ya bütöv, ya da hissə-hissə. Ödənsəydi, əmlak da müsadirə olunmayacaqdı. Amma indiki halda məhkəmənin qərarı var, onun yerinə yetirilməsində məhkəmə icraçısının heç bir günahı yoxdur. Bir daha deyirəm, açığı, mən istəmərəm ki, hər hansı mətbuat orqanı belə bir situasiya ilə üzləşsin. Amma təbii ki, hər bir qəzet də müəyyən şeyləri fikirləşməlidir ki, məhkəmə prosesi ola bilər, cərimə ola bilər və s. Bir şeyi də deyim ki, çox istərdim məhkəmə "Xural" qəzetinə vaxt verəydi, onlar da cərimə pulunu ödəyəydi".
Xatırladaq ki, "Xural" qəzetinin əmlakı oktyabrın 19-da Nərimanov Rayon məhkəmə icraçıları tərəfindən müsadirə olunub.

"Xural" qəzetinin rəhbərliyi isə redaksiyaya qarşı çıxarılan qərarı son zamanlar nəşrlərində iqtidara qarşı kəskin fikirlər səsləndirdikləri ilə əlaqələndirirlər.

Söz azad olmalıdır, çılpaq yox...

Natiq Qocaman

O.M.