316 km-lik Bayram təəssüratlarım

316 km-lik Bayram təəssüratlarım

19 Mart 2013 14:17
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda başladığım, Yardımlıda yekunlaşdırdığım məqalə

Vətənimizin hər bir qarışı bizim üçün müqəddəsdir. Dünyadakı məlum olan 12 iqlim şəraitindən 9-na sahib olan Odlar Yurdum füsunkar gözəllikləri ilə də görənləri valeh edir. Torpağının altı da, üstü də təbii xəzinələrlə dolu olan Azərbaycan həm də qədim adət-ənənələri ilə də çox zəngindir. Hər bir ölkənin özünəməxsus bayramları olduğu kimi, bizim ölkəmizin də özünəməxsus milli bayramları çoxdur. Bu bayramlardan ən əzizi, doğması "Novruz bayramı"dır. Təbiətin oyanması, yeni həyatın, yeni ilin gəlişi ilə qeyd olunan Novruz bayramına həm də Bahar bayramı da deyirlər. Təsadüfi deyil ki, hər kəs bu bayramı doğmaları, əzizləri, ailəsi ilə birlikdə qeyd etməyə çalışır.

Mən də bu bayramı ailəmlə birlikdə qeyd etmək üçün doğulduğum, boya-başa çatdığım diyarıma – Yardımlı şəhərinə yola düşdüm. Yol boyu gördüklərim məni bu məqaləni yazmağa vadar etdi. Füsunkar mənzərələr məni uzaqlara aparır, xəyallara qapadırdı. Rayonları, şəhərləri keçdikcə hisslərimi facebook internet səhifəm vasitəsilə dostlarımla paylaşırdım. Bu da bir növ vətəndaşlıq missiyası idi. Duyğularım mənə bələdçilik etdikcə Vətənimin ucsuz-bucaqsız gözəlliklərindən zövq alır, onları dostlarımla bölüşürdüm.

Bildiyimiz kimi, Yardımlı şəhəri Bakıdan 316 km aralıqda yerləşir və ora yetişmək üçün bir çox gözəl yerlərdən keçib getməlisən. Bakıdan uzaqlaşdıqca ilk diqqətimi çəkən şəhər Salyan oldu. Bu şəhərin havası mövsümi normadan çox isti idi. Diqqətimi çəkən digər məqam havanın həddən artıq tozlu olması oldu. Təbii ki, buna səbəb kimi son günlərdə şəhərdə gedən tikinti-abadlıq, təmir işlərini göstərmək olar.

Qarşımıza çıxan növbəti rayon Biləsuvar rayonu idi. Düzdür, buradakı inkişaf Salyandakı qədər olmasa da, "Bahar"ın gəlişi ilə əhali arasında canlanma duyulurdu. Rayonun girişindəki yaşıllıqların sulanması, ağacların bellənməsi və digər işlər əhali tərəfindən kütləvi şəkildə aparılırdı.
Növbəti görüşəcəyimiz rayon Cəlilabad rayonu oldu. Bu rayondakı canlanma daha çox yarmarkalarla müşahidə olunurdu. Rayon sakinlərinin Novruz bayramına hazırlıqları ərzaq yarmarkalarında yaranmış növbələrdən görünürdü.

Yol məni yormur, əksinə, gördüyüm mənzərələr ruhuma dinclik verirdi. Təbiət insanı sanki öz qoynuna səsləyir, bizdən tərif gözləyirdi. Bəli, tərifə layiq olmaq bu şəhərin də haqqı idi. Artıq mənim doğma diyarımla qonşu olan, "İstisu"yu ilə məşhur olan bir şəhərdə, Masallı şəhərində idim. Bu şəhər mənə elə öz doğulduğum şəhər qədər doğma idi. Novruz öz müjdəsi ilə bu şəhəri də sevindirə bilmişdi. Bunu elə təbiətin simasından hiss etmək olurdu. Şəhər sakinləri burada da abadlıq işləri ilə məşğul olur, yeni ağaclar əkirdilər.
Və nəhayət, hər zaman arzusunda olduğum, elə bu minvalla da bayramı keçirtmək üçün üz tutduğum ata yurduma - Yardımlı şəhərinə gəlib çatdım. Burada da tikinti-abadlıq işləri yüksək səviyyədə aparılırdı. Şəhərin girişində qala qapısı daha çox zövq oxşayırdı. Bu şəhər sərin bulaqları, füsunkar gözəllikləri, sıra-sıra dağları, sıx meşələri ilə yolboyu yolüstü "qonağı" olduğum şəhərlərdən daha çox fərqlənirdi. Şır-şır "Şəlaləsi" ilə Vətənimdə məşhur olan vətənim həm də "Viləş" çayının başlanğıcı kimi tanınır. "Viləş" çayı öz başlanğıcını Dağüzü kəndindən, bulaqların cəmləşməsindən götürür. Beləliklə, dağlarının başında hələ qarı tam əriməmiş, amma yamaclarında bənövşələr, novruzçiçəyi çiçək açan bu diyarım iki fəslin sanki həmrəy olmasına şahidlik edirdi.
Novruz bayramı bizim şəhərdə, eləcə də doğulduğum doğma Dağüzü kəndində xüsusi şəkildə, yüksək coşğu ilə qeyd olunur. Qədim adət-ənənələrimizə hər zaman hörmətlə yanaşan kəndimiz bu il də adətinə sadiq idi. "Qapı pusmaları", "papaq atmaları" ilə yanaşı, "yumurta çaqqışdırmaları" , "tonqal üstdən hoppanmaq" və s adət-ənənələrimiz hələ də bu kənddə yaşayır. Novruz bayramında milli mətbəximizdə "plov", "ləvəngi" ilə yanaşı, süfrələri "şəkərbura", "paxlava", və başqa milli yeməklərimiz bəzəyir.
... Bu bayram səfərim elə ilk günlərindən mənim yaddaşımda silinməz izlər, xoş xatirələr qoymaqdadır. Odur ki, bayram səyahətimə həsr etdiyim, Bakıda qələmə almağa başladığım və Yardımlıda yekunlaşdırdığım bu yazımı elə bayram arzuları ilə bitirmək istəyirəm. Hər kəsə bu ilin bayram ili olması və növbəti Novruzda yazımın Qarabağ səfərimə həsr edilməsi diləyi və ümidi ilə

Sərvər Kamranlı

O.M.