15 il əvvəl Minskdə 5 azərbaycanlının mənzildə qətlə yetirilməsi ilə bağlı cinayətin üstü hələ də açılmayıb
15 il əvvəl Minsk şəhərindəki mənzillərdən birində 5 azərbaycanlının qətli ilə bağlı cinayət açılmamış qalır.
Apa-nın "naviny.by" saytına istinadən verdiyi məlumata görə, hadisənin yeganə şahidi olan Tərlan Əliyev hadisə ilə bağlı dindirilən keçmiş milis işçisi Valeri İqnatyeviç və onun dəstəsinin bu işdə əli olduğuna inanmadığını bəyan edib.
Xatırladaq ki, 22 mart 2000-ci il tarixində İrina Ağayeva, qardaşı Şamil, onlara qonaq gələn Xatirə və Elxan Nəsibovlar və 5 yaşlı qızı Leyla qətlə yetiriliblər. 3 yaşlı Nərgiz Nəsibova isə həmin vaxt yatdığından sağ qalıb.
T. Əliyev bildirib ki, həmin gün Nəsibovlar ailəsinin üzvləri Novruz bayramını qeyd etmək üçün bir yerə toplaşıblar. T. Əliyev isə birgə iş qurduğu erməni tanışlarının dəvət etdiyi məclisə gedib və bu üzdən bir neçə saat evdə olmayıb. Qayıtdıqda isə 3 yaşlı qızdan başqa hamını evdə ölü tapıb.
Qətli törədənlərin əsl məqsədinin T. Əliyevi öldürmək olduğu versiyası da nəzərdən keçirilib. Hadisə ilə bağlı onu iyul ayınadək müvəqqəti təcridxanada saxlayıblar. Özünün dediyinə görə, səbəb kimi qətl sifarişinin yerinə yetirilmədiyi və onun hər an öldürülə biləcəyi göstərilib. Qonşular hadisə günü keçmiş milis işçisi V. İqnatyeviçə məxsus "Jiquli" markalı maşını binanın həyətində gördüklərini bildiriblər. Hadisədə V. İqnatyeviçin və onun dəstəsinin əli olduğu ehtimal edilsə də, yetərli sübut-dəlil olmadığından onlar azadlığa buraxılıblar.
Mediainfo.az