Məşhur qanqster Hacı Məmmədovun oğlunun şərikinə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bina tikmək adı ilə vətəndaşları aldadıb dələduzluq yolu ilə külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən Qasım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
"Fuad-ltd" MMC şirkəti 2005-ci ildən 500-dən artıq vətəndaşı aldadaraq onlardan külli miqdarda pul yığsa da, bu günə
qədər hələ də vətəndaşların nə pulu qaytarılıb, nə də onlarla bağlanan müqavilədəki mənzil verilib. "Fuad-ltd"MMC tikinti şirkətindən mənzil alan Eldəniz Abdurrəhmanov deyib ki, o 2005-ci ildə adıçəkilən şirkətin rəhbəri Qasım Məmmədovla Xırdalan şəhərində, 28-ci məhəllədə tikilməkdə olan binadan ev almaq
barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən, həmin ünvanda 476 mənzilli 9 bloklu 16 mərtəbəli bina inşa
edilməli, 2007-ci ildə isə vətəndaşlara təhvil verilməli idi: "2008-ci ilə qədər gözləsək də, bina nəinki təhvil
verilmədi, heç mərtəbələri axıradək tikilmədi. Binanın sütunları 14-cü mərtəbəyə qədər tikiləndən sonra tikinti
dayandı. Bir müddətdən sonra məlum oldu ki, binanın işçiləri də pul almadıqları üçün işə gəlmir. Hər dəfə biz
Qasım Məmmədova müraciət edəndə müxtəlif bəhanələrlə başımızı aldadır, bizdən vaxt istəyirdi".
Bir müddətdən sonra məlum olub ki, Qasım Məmmədov binada hələ hazır olmayan bir mənzili 2-3 nəfərə satıb.
Sakinlərin araşdırması zamanı binanın 455, 198, 271 və 589 saylı mənzillərinin hər birinin müqavilə ilə 2-3
ailəyə satıldığı üzə çıxıb.
Biləsuvar rayon sakini Qədirağa Əliyev isə deyib ki, o Qasım Məmmədovla 2007-ci ildə tanış olub. Həmin vaxt
18 min 500 manat ödəyib binadan 1 otaqlı mənzil alıb. Tərəflər arasında imzalanan müqaviləyə əsasən mənzil
2009-cu ildə Qədirağa Əliyevə təhvil verilməli imiş. Amma, hələ də nə mənzildən, nə də Qasım Məmmədova verdiyi puldan xəbər yoxdur.
Qasm Məmmədov həmin ərazidə ev tikmək adı ilə vətəndaşlardan 10-12 milyon manat pul alıb. Həmin
pulu hara xərcləyib bilinmir".
Şikayətçilər bildirib ki, adıçəkilən şirkətdə Qasım Məmmədovun bir neçə şəriki olub ki, onlardan biri də Bakıda uzun illər adam oğurluğu və çoxsaylı qətllər törədən mütəşəkkil dəstə başçısı, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun oğlu Teymur Məmmədovdur.
Cinayət Məcəlləsinin 178.3.2, 213,308-ci maddələri ilə təqsirləndirilən Qasım Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Q.Məmmədov məhkəmə zalına əlil arabasında gətirilib, onun infarkt keçirdiyi bildirilir.
Mediainfo.az