İranlı sürücülər “ağıllanırlar”... - "Daha Ermənistana yük daşımaq sərfəli olmayacaq"
Artıq bir həftədən çoxdur Gorus-Qafan avtomobil yolunun Azərbaycanın nəzarətində olan hissəsində yeni hərəkət qaydası mövcuddur.
"Azadlıq" radiosunun erməni xidməti xəbər verir ki, avtomobillər erməni yoxlama-buraxılış postunda gözləyirlər, daha sonra yığılmış maşın karvanını Ermənistan Milli Təhlükəsizlik Xidməti müşayiət edir. Qeyd olunur ki, yolun bu 4 kilometrlik hissəsində Rusiya sərhədçilərinin də öz postu var.
Yolun sonrakı hissəsində üç dildə “Azərbaycana xoş gəlmisiniz” plakatını yerləşdirmiş azərbaycanlılar da öz infrastrukturlarını, sərhəd və polis postlarını qurublar. Bu hissədə yolun hər iki tərəfində silahlı və maskalı hərbçilər var.
Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının Gorusdan olan deputatı Armen Xaçatryan etiraf edir ki, avtokarvanların qurulması heç də ən yaxşı çıxış yolu deyil, amma ən azı hərəkətin təhlükəsizliyi təmin edilib. O, alternativ yol tikərək Azərbaycanın təsirindən çıxmağın lazım olduğunu deyib: “Onlar bilirlər ki, Tatevi saymasaq, bu yeganə yoldur və bizim bu ağrılı yerimizi imkan düşən kimi basa bilərlər. Bizə gecə və gündüz işləmək lazımdır ki, bu problemi qısa müddətdə həll edək”.
Gorus şəhərinin həbs olunmuş meri Aruş Aruşanyanın müavini Karen Koçaryan da narazılığını bildirib. Onun sözlərinə görə qarşıdan qış gəlir, yolda növbələr yaranır: “Bu çıxış yolu deyil, adamlar üçün bəladır. Bizim icmanın üç kəndində hər gün belə bir vəziyyət yaranır: tələbələr və işçilər işə dərsə gecikməmək üçün sübhdən gəlməli, növbə gözləməli olurlar”.

Yerli media yazır ki, erməni yoxlama-buraxılış postunun yaxınlığında İran yük maşınları növbəyə düzülüblər. Onlar yolun Azərbaycanın nəzarətində olan hissəsindən yanacaq daşıyan hər maşın üçün 250 dollar verərərək keçiblər. Onlara qayıdan baş 130 dollar da verməli olacaqları barədə xəbərdarlıq edilib. Adi yük maşınlarının keçmə haqqı daha ucuzdur.
İran sürücülərindən biri deyib: “Mən nağd pul ödədim. Əgər belə davam etsə, Ermənistana yük daşımaq sərfəli olmayacaq. Hər dəfə az qala 400 dollar vermək lazım gəlir”.
Başqa bir iranlı sürücü isə bildirib ki, ödədikləri məbləğ daşıdıqları malların qiymətlərinə təsir edəcək, onlar Ermənistan sakinləri üçün daha baha olacaq.
"Bu sərfəli olmayacaq. Bizim daha Ermənistana sifarişimiz olmayacaq. Pul məsələsindən başqa, biz Azərbaycan hissəsində saatlarla növbədə dayanmalı oluruq, qrafikdən çıxırıq. Aydındır ki, bəziləri Ermənistana maşın sürmək istəməyəcəklər”,-deyə o vurğulayıb.

Ermənistan hökumətinin vədinə görə noyabrın sonlarında istifadəyə veriləcək alternativ Tatev-Qafan yolu, iranlı sürüclərin dediyinə görə narahatdır, yük maşınları dağ aşırımlarından keçə bilməyəcəklər: “Mənim dostum o yolla gedib. Deyir ki, yaxşı yol deyil, maşını xarab edir”.
Hakim partiyadan deputat Armen Xaçatryan deyib ki, məsələn, Ltsen, Svarants kəndlərindən keçən başqa alternativ variantlara da baxılır. Deputat bildirib ki, hazırda bu barədə mühəndis hesablamalarını gözləyirlər.
Xatırladaq ki, sözügedən marşrutun 20 kilometrdən çox hissəsi Azərbaycan ərazisindən (Qubadlı rayonunun Eyvazlı kəndi) keçir. Azərbaycan sərhədçiləri və polis məhz bu sahədə dayanır.
İranın çoxsaylı yük maşınları qanunsuz olaraq Qarabağa getdikdən sonra nəqliyyat yoxlamaları başlanıb. Hansı ki, Azərbaycan dəfələrlə xəbərdarlıq etsə də İrandan göndərilən TIR-lar Qarabağa qanunsuz yük daşımaqda davam ediblər.
Azərbaycan humanist mövqeyindən sui-istifadə edən İranlı sürücülər ölkəmizin ərazisindən keçsələr də uzun müddət bu yükdaşımalara görə hər hansı rüsum ödəməyiblər.
Sentyabrın 12-dən Azərbaycan hərbçiləri ölkə ərazisilə gedişə görə İran avtomobillərindən dövlət rüsumu almağa başlayıblar. Bu da beynəlxalq normalara tam uyğundur.


















































































