Fransa keçmiş bankir Muxtar Ablyazova ölkəni tərk etmək üçün 30 gün vaxt verib
Fransa polisi qazaxıstanlı keçmiş bankir və siyasətçi Muxtar Ablyazova 30 gün ərzində ölkəni tərk etməyi əmr edib.
Oxuməni.az xəbər verir ki, Ablyazovun özü bu barədə videomüraciətdə məlumat verib.
Siyasətçidən “onu qəbul etməyə hazır olan” istənilən ölkəyə getməsi xahiş olunub.
“Onlar-polisin icra orqanları 8 dekabr 2022-ci il tarixli məhkəmə qərarına istinad edirlər”, - deyə Ablyazov bildirib.
Söhbət Qaçqınların Hüquqları üzrə Milli Məhkəmənin (CNDA) qərarından gedir. Keçən ilin dekabrında məhkəmə, Ablyazovun nümayəndələrinin Fransada siyasi sığınacaq alınması ilə bağlı müraciətini rədd edib. Bu da qaçaq bankirin Qazaxıstana, yaxud Rusiya, Ukrayna və ya Böyük Britaniyaya deportasiya edilməsinə və ya ekstradisiyasına yol açıb.
İndi siyasətçi “nə vizası, nə də pasportu” olduğu üçün Fransanı tərk edə bilməyəcəyini iddia edir. O, əmrə etiraz etmək niyyətindədir.
59 yaşlı Ablyazov tanınmış siyasətçi və dövlət xadimidir, Qazaxıstanın energetika naziri olub. 2001-ci ildə bir qrup yüksək vəzifəli məmur və iş adamı tərəfindən yaradılan Qazaxıstanın Demokratik Seçimi hərəkatının liderlərindən biri olub. Növbəti il o, həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib, bir il sonra isə siyasi fəaliyyətdən əl çəkməsi müqabilində əfv olunub.
Həbsdən çıxandan sonra bizneslə məşğul olub, ölkənin ən iri banklarından biri olan BTA Bankın ortaq sahibi olub. 2009-cu ildə, maliyyə böhranı başlayandan az sonra bank milliləşdirilib və Ablyazov və onun komandası milyardlarla dolları mənimsəməkdə ittiham olunub. Özü də Qazaxıstanı tərk edə bilib və Böyük Britaniyadan sığınacaq alıb.
Daha sonra London məhkəməsi Ablyazova qarşı ittihamlara baxaraq, onu məhkəməyə hörmətsizlikdə ittiham edib və 22 ay müddətinə azadlıqdan məhrum edilib, lakin o, artıq Britaniya ərazisini tərk edib. 2013-cü ildə Ablyazov Fransada həbs edilib və bir neçə il həbsdə olub. 2016-cı ildə o, bu ölkədən siyasi sığınacaq istəyib.
2009-cu ildə Qazaxıstanı tərk edəndən bəri Ablyazov Qazaxıstan hakimiyyətini kəskin tənqid edir, maliyyə və digər cinayətlərdə bütün ittihamları siyasi motivli adlandırır. Qazaxıstan hakimiyyəti tərəfindən Ablyazovla əlaqəli siyasi hərəkatlar məhkəmə tərəfindən ekstremist kimi tanınıb və onların bir çox tərəfdarı həbsxanada cəza çəkib və ya çəkir.
Ablyazovun ekstradisiyasını təkcə Qazaxıstan deyil, onu maliyyə cinayətlərində ittiham edən Rusiya və Ukrayna da istəyir. Qazaxıstanda Ablyazov BTA Bankın həmsahibi Yerjan Tatişevin qətlinin təşkilinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib.
Əziz Mustafa, Oxuməni.az