Estoniya öz ərazisi ilə Rusiyadan taxıl ixracına icazə verməyəcək
Estoniya Rusiya taxılının öz ərazisindən tranzitinə icazə verməyəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxna bildirib.
O qeyd edib ki, Rusiya Qara dənizə alternativ olaraq taxıl üçün yeni ixrac marşrutları axtarır və Estoniya tranzitin Rusiyaya yönləndirilməsinin qarşısını almaq üçün tədbirlər görməyə hazırdır.
"Yükgöndərənlərə mesajımız aydındır: Rusiya taxılını Estoniya vasitəsilə daşımağı planlaşdırmayın. Rusiyanın taxıl ixracı üçün Estoniya limanlarından istifadə etməyə başlamasını məqbul hesab etmirik", - Tsaxna bildirib.
Onun sözlərinə görə, Rusiya taxılının Estoniyadan tranziti hazırda faktiki olaraq mövcud deyil və bu, belə də qalmalıdır. Hökumət rəsmisi xatırladıb ki, Rusiya ordusu Ukrayna limanlarına hücum edir və Ukrayna taxılının qlobal bazara daxil olmasına mane olur. Ona görə də Estoniya öz məhsullarını ixrac etmək üçün yeni imkanlar axtaran təcavüzkar dövlətə kömək etməməlidir.
"Rusiya taxılının Estoniyadan daşınmasına başlamaq üçün təzyiq yaranarsa, biz bunu qadağan etmək üçün öz sanksiyalarımızı tətbiq etməyə hazırıq", - deyə Tsaxna əlavə edib.
O bildirib ki, ölkəsi Latviya və Litva ilə Rusiya taxılının tranzitini dayandıracaq və Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən oğurlanmış Ukrayna taxılının satışının qarşısını alaraq regional həll yolu və ya Avropa Birliyinin ortaq tənzimləməsini axtarmaq üçün onlarla əməkdaşlıq edir.
Əvvəllər Litvanın Klaypeda limanından tranzit keçən Rusiya taxılına nəzarəti gücləndirdiyi bildirilirdi. Hakimiyyət orqanları yüklərin bir hissəsinin həqiqətən Rusiya tərəfindən qanunsuz olaraq ixrac edilən Ukrayna taxılı olub-olmadığını araşdırır.
Bu arada, Latviya Rusiya və Belarusdan taxılın daşınması və emalına 300% rüsum tətbiq etməyi planlaşdırır.
Əziz MUSTAFA
























































































