Prezidentin son sərəncamları 1536 nəfəri əhatə edəcək
"Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzaladığı növbəti sərəncamlar sosial cəhətdən həssas əhali qruplarına göstərilən dövlət qayğısının növbəti təzahürüdür". Bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazir vurğulayıb ki, prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə verilən prezident təqaüdünün əhəmiyyətli şəkildə artırılmasını və Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsini nəzərdə tutur.
Nazir bildirib ki, sərəncama əsasən, Böyük Vətən müharibəsi iştirakçılarına, həmçinin Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) təyin olunan prezident təqaüdünün aylıq məbləği 55 manatdan cari ilin may ayının 1- dən 81,8 faiz artırılaraq 100 manata çatdırılır.
Sərəncam Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan 667 nəfər şəxsi və Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş 11 nəfər şəxsi, yəni ümumilikdə 678 nəfəri əhatə edir. Bu artımların təmin olunması üçün dövlət büdcəsindən əlavə olaraq ayda 30510 manat, bu ilin 8 ayı ərzində isə 366120 manat vəsait yönəldiləcək.
Nazir deyib ki, prezidentin "1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamına əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün prezidentin ehtiyat fondundan 3,5 milyon manat ayrılacaq.
Qeyd edək ki, dövlət tərəfindən xüsusi nəqliyyatla təmin olunmaq üçün bu ilin əvvəlinədək növbədə olan Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sayı cəmi 858 nəfərdir. Onlardan 293 nəfəri Böyük Vətən müharibəsi əlilləri, 141 nəfəri hərbi xidmət, 424 nəfəri isə Çernobıl əlilləridir.
Nazir vurğulayıb ki, sərəncamın icrası nəticəsində növbədə dayanan bütün Böyük Vətən Müharibəsi əlilləri ilin sonuna kimi avtomobillərlə təmin ediləcək. S. Müslümov hər iki sərəncamın ümumilikdə 1536 nəfər şəxsi əhatə etdiyini qeyd edərək, həmin sənədlərdən irəli gələn vəzifələrin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.
Mediainfo.az