
Avropaya yeni qaz xətti XXI əsrin layihəsi olacaq
Bu gün Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ANS-ə müsahibə verib. Müsahibədə əksini tapan məsələlərin ictimaiyyət üçün böyük maraq kəsb etdiyini nəzərə alaraq söhbətin məzmununu oxucularımızın diqqətinə çatdırırıq.
- Hörmətli Rövnəq müəllim, Siz bu günlərdə Türkiyənin İzmir şəhərində səfərdə
olmusunuz. Orada Azərbaycan və Türkiyə arasında enerji sektorunda ikitərəfli
münasibətlərin genişlənməsi, habelə "Şahdəniz" layihəsinin işlənilməsinin
ikinci mərhələsinin uğurla həyata keçirilməsi və Azərbaycan qazının Avropaya
nəql edilməsi baxımından mühüm əhəmiyyət daşıyan hadisələr baş verib. İlk növbədə
Sizi və kollektivinizi bu münasibətlə təbrik edirik. Xahiş edərdik ki,
Türkiyəyə son səfərinizin yekunları haqqında tamaşaçılarımıza ətraflı məlumat
verəsiniz.
- Çox sağ olun. Mən də şirkətimizin çoxminli kollektivi adından bütün xalqımızı
təbrik edirəm. İzmirdə həqiqətən də müstəsna əhəmiyyətə malik əlamətdar
hadisələr baş verib. İlk öncə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı
ilə ARDNŞ-nin Türkiyədəki ən böyük aktivi olan "Petkim" Petrokimya Holdinqinin
nəzdində inşa ediləcək "Star" neft emalı zavodunun təməlinin qoyulmasını qeyd
etməliyəm. İldə 10 milyon ton neft emal etmək gücünə malik bu zavod
SOCAR-TURGAS Rafineri Səhmdar Cəmiyyəti tərəfindən tikiləcək. Zavodun 2015-ci
ildə istismara verilməsi nəzərdə tutulur. Bu, hazırda Türkiyənin neft-kimya
sektorunda, o cümlədən, "Petkim"-də neft məhsullarına olan ehtiyacın aradan
qaldırılmasına kömək edəcək. Zavodda istehsal olunacaq 1,6 milyon tonluq neft
"Petkim"in daxili tələbatını ödəyəcək, dizel, reaktiv yanacaq və LPG kimi neft
məhsulları isə Türkiyənin və ətraf ölkələrin bazarlarında reallaşdırılacaq.
Zavodun tikintisinə təqribən 5 milyard ABŞ dolları həcmində sərmayə qoyulması
nəzərdə tutulur. Bu, son illər nəinki Türkiyədə, eləcə də bütün dünyada bir
nöqtəyə yönəldilən ən böyük investisiya layihəsidir. İzmirdə biz Heydər Əliyev
adına Peşə Təhsili Liseyinin təməlqoyma mərasimində də iştirak etdik. Sevinirik
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdəki çıxışında
ARDNŞ-nin peşə təhsilinə yönəltdiyi layihələri yüksək qiymətləndirib. İzmirdə
eyni zamanda qaz ixracına dair 15 sənəd, o cümlədən hökumətlərarası Saziş,
2017-ci ildən başlayaraq "Şahdəniz-2" layihəsi üzrə hasil olunacaq qazın
Türkiyəyə satışına dair Saziş, "Şahdəniz-2" layihəsi üzrə hasil olunacaq qazın
2017-2042-ci illərdə Türkiyə vasitəsi ilə, "BOTAŞ" şirkətinin nəqliyyat
şəbəkəsindən istifadə etməklə nəqlinə dair Saziş və s. imzalanıb. Qeyd etmək
istəyirəm ki, bunlar Azərbaycan qazının Türkiyə və Yunanıstan sərhədlərinə,
eyni zamanda Türkiyə və Bolqarıstan sərhədlərinə nəql olunması üçün zəruri olan
sənədlərin tam paketini təşkil edir. Faktiki olaraq Xəzər dənizi regionunu
Avropa ilə birləşdirəcək "Cənub qaz dəhlizi" layihəsinin gerçəkləşməsi üçün
bütün şərait yaranıb.
- Qeyd etdiyiniz sazişlərin mahiyyəti haqqında bir qədər ətraflı danışmağınızı
xahiş edərdik.
- Bu sazişlər üzərində iş 5 ildən artıq davam edib. Tərəflər qarşısında
tamamilə yeni bir tranzit mexanizminin yaradılması ilə bağlı çox geniş əhatəli
məsələlərin həll olunması vəzifəsi dururdu. Bu elə bir mexanizm olmalı idi ki,
həm Türkiyə qaz nəqli şəbəkəsinin bütün mövcud istifadəçilərinin, həm də
tranziti həyata keçirən ölkə kimi bizim maraqlarımıza uyğun olsun. Qeyd edim
ki, indiyədək dünyanın heç bir yerində belə mürəkkəb və genişmiqyaslı layihə
həyata keçirilməmişdir. Artıq bütün çətinliklər arxada qalıb. Biz artıq
planlaşdırdığımız kimi, Azərbaycan qazının Avropaya nəql edilməsi üçün ən
optimal layihənin seçimi prosesini davam etdirə bilərik .
- Hazırda hansı layihələr nəzərdən keçirilir və seçimi nə vaxt başa çatdırmağı
planlaşdırırsınız?
- İndi artıq bütün tranzit şərtləri aydındır. Biz Azərbaycan qazının Avropaya
nəql edilməsi istiqamətində bir neçə layihəni dəyərləndirmək imkanı qazanmışıq.
Bunlardan biri İTGİ layihəsidir ki, qazın Yunanıstan vasitəsilə İtaliyaya və
Balkan ölkələrinə nəqlini nəzərdə tutur. Digər bir layihə - TAP (Transadriatik
boru kəməri) layihəsi də eyni istiqamətdə nəzərdə tutulur. Və əlbəttə ki,
NABUCCO layihəsini qeyd etmək lazımdır ki, bu da Balkan ölkələrindən Mərkəzi
Avropaya Azərbaycan qazının nəqlini nəzərdə tutur. "BP" şirkətinin təklif
etdiyi 4-cü variant da maraq doğurur. Bu varianta əsasən, qaz Türkiyə
ərazisindən Balkan ölkələrinə nəql ediləcək. Düşünürəm ki, seçim prosesini
tezliklə, 2011-ci ilin sonu - 2012-ci ilin əvvəllərində başa çatdıracağıq.
- Rövnəq müəllim, Siz yalnız "Şahdəniz" yatağından hasil olunacaq qazın nəqlini
nəzərdə tutursunuz? Axı ARDNŞ-nin daxili imkanları hesabına kəşf olunmuş
"Ümid", "Total" və "GDF" ilə birgə açılmış "Abşeron" yataqları da mövcuddur.
- Bu, çox mühüm məsələdir. Çünki ARDNŞ gələcəkdə işlənəcək bütün layihələr üçün
nəql məsələsini həll etməlidir. Bilirsiniz ki, indi Azərbaycanda böyük
axtarış-kəşfiyyat işləri aparılır. Sizin adını çəkdiyiniz layihələrə mən
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərin laylarından çıxarılacaq qazı da
əlavə etmək istərdim. Bu məsələ üzrə biz konsorsiumla danışıqlar aparırıq.
Planlaşdırırıq ki, 2025-ci ilədək Azərbaycanda təxminən 50 milyard kubmetr qaz
hasil olunacaq. Bu həcmin əhəmiyyətli hissəsinin dünya bazarlarına çıxarılması
üçün Türkiyə ilə birlikdə bu ölkənin ərazisindən keçəcək tamamilə yeni bir qaz
kəmərinin inşası layihəsinin araşdırılması haqqında razılıq əldə edilib. Bu,
yeni bir kəmər olacaq və regionda qaz hasilatı həcmləri artdıqca onun
ötürücülük qabiliyyətini artırmaq mümkün olacaq. Bu layihə iki qardaş ölkə
tərəfindən (xarici şirkətlərin dəvət edilməsi də mümkündür) həyata keçiriləcək.
Biz bu boru kəməri layihəsi ilə bağlı bütün məsələləri 2012-ci il ərzində həll
etmək və vaxt itirmədən inşaat işlərinə başlamaq istəyirik ki, 2017-ci ilin
sonlarında - "Şahdəniz" layihəsinin 2-ci mərhələsi üzrə istismar başlayanda
kəmər artıq hazır olsun. Düşünürəm ki, əgər Ulu öndər Heydər Əliyev
"Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi haqqında sazişi "20-ci əsrin
sazişi" adlandırmışdısa, bu layihə 21-ci əsrin layihəsi olacaq və bu işin
təşəbbüskarı - Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin
adı ilə bağlı olacaq.
Azərbaycan dünyanın təhlükəsizliyi və Avropanın enerji təhlükəsizliyinin qarantıdır...
Sərvər Aslanov
O.M.