İsrailin siyasi elitasından Azərbaycana dəstək
Sosial şəbəkələrdə İsrail parlamentinin (Knesset) 30 deputatının Azərbaycana dəstək ifadə edən Milli Məclisə rəsmi müraciəti yayılıb.
Oxuməni.az xəbər verir ki, Azərbaycan parlamentinə ünvanlanan bu müraciət Təl-Əvivdə səfirlik açmaq qərarına reaksiya olub. Sənədi Knessetin 8 partıya deputatı imzalayıb.
"Bu gün Azərbaycan təhlükəsizlik və iqtisadiyyat sahələrində etibarlı tərəfdaş kimi İsraillə çiyin-çiyinə dayanır. Bu tərəfdaşlıq İsrailin regional təhlükəsizlik sisteminin əsasını təşkil edir. Azərbaycan parlamentinin deputatları, əziz dostlarımız, Azərbaycanın İsraildə səfirliyinin açılması qərarı ilə əlaqədar təbriklərimizi qəbul edin. Bu, iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm və cəsarətli addımdır və Azərbaycan torpaqlarında Azərbaycan və yəhudi xalqları arasında çoxəsrlik dostluğun təbii davamıdır. Bizim ümumi təhlükəli düşmənimiz var - hər iki xalqımızı məhv etməklə hədələyən İran tiranlığı. Öz vətəndaşlarını vəhşicəsinə qətlə yetirən, dünyada terroru təşviq edən ayətullah rejimi Azərbaycan xalqını beynəlxalq aləmdə hörmət qazanan dünyəvi hakimiyyətlərə qarşı yönəltmək üçün antisemitizm təbliğatı aparır. İran diktaturası, həmçinin güc nümayişindən istifadə edərək və Azərbaycan "Hizbullah"ını yaratmağa çalışaraq öz şimal qonşusunu təhdid etməyə çalışır. Lakin bütün bu cəhdlər nəticəsiz qalır. Azərbaycan şantaj və təhdidlərə boyun əymədiyini dönə-dönə sübut edir və SEPAH-ın sərhəddəki təlimlərindən bir ay sonra ölkəmizdə səfirlik açmaq qərarını açıqlayıb. Məhz bu məqamda biz istəyirik ki, Azərbaycan xalqı bilsin ki, İsrail və yəhudi xalqı Sizi əziz tutur və strateji tərəfdaşlığı davam etdirmək əzmindədir" - deyə müraciətdə bildirilib.
Sənəddə, həmçinin Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqi və Aİ-nin Azərbaycandan qaz və neftinin alınmasına embarqo qoyulmasını tələb edən 15 noyabr tarixli qətnaməsindən narazılıq ifadə edilir.
"Bu qərar bu gün mütərəqqi şiə müsəlman əhalisi olan, İsrail və Qərb dünyası ilə sıx əlaqələr saxlayan nümunə ölkəsi olan Azərbaycanı zəiflətməkdə maraqlı olan İranın xeyrinədir. Ümid edirik ki, Senat bu qərarı yenidən nəzərdən keçirəcək", - deyə qeyd olunub.
Sənəd B.Netanyahunun yeni hökumətində 9 nazir və iki nazir müavini də daxil olmaqla imzalanıb. Onların arasında Nazirlər Kabinetinin yüksək vəzifəli üzvləri - milli təhlükəsizlik naziri Ben-Qvir, dini işlər naziri Malkieli, təhsil naziri Kiş də var