Con Kerri: “İranla yekun razılaşmanın əldə olunması üçün üç meyarımız var”
"ABŞ İranla bağlı diplomatiya variantını dəstəkləyir. Ancaq bununla belə, İsrailin təhlükəsizliyi rəsmi Vaşinqton üçün əsas prioritetlərdəndir".
Apa-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri ABŞ dövlət katibi Con Kerri ABŞ-dakı ən güclü yəhudi lobbisi olan Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) illik toplantısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ heç vaxt İranın nüvə silahına yiyələnməsini qəbul edə bilməz: "Ancaq hərbi varianta əl atmazdan əvvəl diplomatik yolla problemin həllinin mümkünlüyünü sınaqdan keçirmək lazımdır. Əgər diplomatiya müvəffəqiyyətsizliklə nəticələnərsə, onda daha sərt vasitələrdən istifadə edilməsi məntiqlidir. Hər halda, biz İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyik. Diplomatiya da daimi deyil və bütün variantlar da hələlik masa üzərindədir. ABŞ prezidenti Barak Obama İsrailin təhlükəsizliyi üçün iki əsas problemin həllinin - İranın nüvə silahına yiyələnməsinin qarşısının alınmasının və İsrail-Fələstin münaqişəsinə son qoyulmasının tərəfdarıdır".
C.Kerri həmçinin deyib ki, ABŞ-ın İranla yekun razılaşmanın əldə olunması üçün üç meyarı var: "Birincisi, İranın nüvə silahına yiyələnməyəcəyinə əmin olmalıyıq. İkincisi, nüvə proqramının davamlı şəkildə dinc məqsədli olduğunu iddia edən rəsmi Tehran dünya ictimaiyyətinə bunu isbatlamalıdır. Nəhayət, üçüncüsü, Cenevrə razılaşması bizə İranın nüvə proqramının inkişaf edib-etməməsinə nəzarət imkanı verir. Əgər rəsmi Tehran nüvə silahının istehsalına doğru istiqamət götürərsə, hərəkət etmək üçün kifayət qədər vaxt var".