Rəşad Mahmud: “Azərbaycan ürəyimizdə yaşayır, bunu hər zaman sübut etmişik”

Rəşad Mahmud: “Azərbaycan ürəyimizdə yaşayır, bunu hər zaman sübut etmişik”

1 Mart 2016 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Apa-nın məlumatına görə, R. Mahmud siyasi, mədəni və dini əlaqələrimizin qədim tarixə malik olduğunu vurğulayaraq ölkələrimizin ən çətin vaxtlarda həmişə bir-birinin yanında olduğunu bildirib: "Cənab prezident, biz bu əlaqələrin inkişaf etdirilməsini həmişə arzulamışıq, Azərbaycan bizim ürəyimizdə yaşayır, biz bunu hər zaman sübut etmişik".

Pakistanlı qonaq ölkəmizə səfəri çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı təmasların olacağına əminliyini bildirib.

Prezident İlham Əliyev isə Pakistan prezidenti Məmnun Hüseynin ölkəmizə uğurlu rəsmi səfərini, həmçinin baş nazir Məhəmməd Nəvaz Şəriflə bu yaxınlarda Davosda keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Dövlət başçısı ölkələrimiz arasında tarixi köklərə malik olan ikitərəfli münasibətlərimizin hazırda çox uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycanla Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləməsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev ölkəmizin Pakistanla bütün sahələri əhatə edəcək ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Dövlət başçısı R. Mahmudun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın daha da möhkəmləndirilməsi ilə bağlı müzakirələrin aparılacağına və ikitərəfli əlaqələrimizin genişləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi baxımından uğurlu olacağına əminliyini ifadə edib.

Mediainfo.az