"Yolun çökmə səbəbi qazıntı işlərindən sonra bəlli olacaq

"Yolun çökmə səbəbi qazıntı işlərindən sonra bəlli olacaq

15 İyul 2018 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Axar.az-a verdiyi məlumata görə, çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.

"Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir. Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır. Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək", - A.Nəcəfli qeyd edib.

***

Bakının Nəsimi rayonu ərazisindən keçən Cəlil Məmmədquluzadə küçəsində vaş vermiş çökmənin səbəbləri hazırda araşdırılır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O bildirir ki, çökmənin səbəbi hazırda əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cəlb edilmiş ağır texnikalar qazıntı işləri apardıqdan sonra bəlli olacaq:

"Çökmənin səbəbləri aradan qaldırılandan sonra yolun bərpasına başlanılacaq".

Qeyd edək ki, sözügedən yol 7-8 il bundan öncə Bakı Metropoliteni sifarişi ilə metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb.