Banqladeşdə fabrikdə baş verən yanğın nəticəsində azı 10 nəfər həlak olub

Banqladeşdə fabrikdə baş verən yanğın nəticəsində azı 10 nəfər həlak olub

12 Dekabr 2019 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

Banqladeşin paytaxtı Dəkkə ətrafında plastik məmulatlar istehsal edən fabrikdə baş verən yanğın nəticəsində azı 10 nəfər həlak olub, 32 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onların bir çoxunun vəziyyəti ağır qiymətləndirilir.

Oxumeni.az “Bdnews24” internet nəşrinə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğınsöndürmə xidməti operativ olaraq hadisə yerinə gəlsə də, yanğını yalnız bir neçə saatdan sonra söndürmək mümkün olub. Hələlik yanğının səbəbləri aydınlaşmayıb. Bəzi KİV-lər fabrikin qanunsuz fəaliyyət göstərdiyini və yanğından mühafizə vasitələri ilə təmin olunmadığını yazır.

Banqladeşdə qanunsuz müəssisələrdə çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınlar nadir hal deyil. Bu ilin fevral ayında Dəkkə şəhərinin tarixi rayonunda son illərin ən iri yanğını baş vermiş, nəticədə 70 fəhlə həlak olmuş, onlarla insan xəsarət almışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az