BİR QADIN TALEYİ
(REAL HADİSƏLƏR ƏSASINDA)
19-cu hissə
Əvvəli keçən sayımızda
...- Qulaq as, qızcığaz. Unutma ki, sənin hədə-qorxuların mənə girməz. Düşünmə ki, sənin qabağındakı uşaqdır. Ağlını başına yığ, sənə elə toy tutaram ki, həyata gəldiyinə peşman olarsan.
- Baxarıq-deyərək Aysel onun əlindən çıxdı: -Sənin kimi oğlancıq mənə heç nə edə bilməz. Ağlını başına yığ, Ayka, ağlın ətrafındakı qız dostlarına getməsin.
Sözünü bitirən Aysel əsəbi halda onun evini tərk etdi.
Səhər açılmışdı. Cahan yuxudan oyanıb hazırlaşaraq yola çıxmışdı. Yol boyu olanları düşünür, yola baxaraq xəyallara dalmışdı. Atası Fazil ilə görüşü ürəkdən istəməsə belə, Mehdixana verdiyi sözə görə məcburiyyət qarşısında gedirdi. Təxminən 40-45 dəqiqədən sonra mənzilbaşına çatmışdı. Ürəyi əsirdi, maşından düşüb yaşadığı, böyüyüb boya-başa çatdığı binaya baxdı. Blokdan içəri girib yuxarı qalxaraq qapıya çatdı. Astaca qapını döyüb gözlədi. Bir qədər sonra qapını açan bacısı Arzu Cahanı görüb soyuqqanlılıqla onunla salamlaşdı.
- Elə bildim gəlməyəcəksən.
-Əslində gəlməyi istəmirdim və bunun da səbəbini sən özün çox gözəl bilirsən.
- Bilirəm, hər şeyi qəşəng bilirəm.
Cahan atası Fazili soruşdu. Onun otağına yaxınlaşıb qapını açaraq içəri girdi, üzü pəncərəyə tərəf oturan atası Fazilə baxdı. Arzunun girdiyini düşünən Fazil gözünü pəncərədən çəkmədən:
- Məni tək qoy, Arzu-dedikdə Cahan öz səsi ilə Arzunun yox, özünün gəldiyini dedi:
- Necəsən?
Fazil qızı Cahanın səsini eşidib ayağa duraraq geri döndü. Qızı Cahanı görüb doluxsundu. Cahan isə atası Fazili görüb dəhşətə gəlmişdi. Bu üç il ərzində Fazil yaşlanmış, çökmüşdü. Atasının bu halına Cahan pis oldu, doluxsundu, ağlamamaq üçün özünü ələ aldı. Fazil isə ona yaxınlaşdı, əli ilə onun saçını oxşayıb alnından öpərək onu qucaqladı. Cahan atası Fazilin bu hərəkətinə təəccüblənmişdi. Fazil onu qucaqlasa da, Cahan soyuqqanlılıqla heykəl kimi donmuşdu. Fazil ona oturmaq üçün yer elədi, Arzuya isə çay gətirməyini söylədikdə Cahan içməyəcəyini dedi:
- Mən çay içməyə yox, səni görməyə gəlmişəm. Eşitdim məni görmək istəmisən, xəstəsən. Nə olub sənə ata?
- Qızım, mən səni bura çağırmışam ki, səndən üzr istəyim. Mən səndən üzr istəyirəm etdiklərimə görə. Məni bağışla, sən məni bağışlaya bilərsən?..
Cahan susurdu. Həyatında atası Fazilin etdikləri gözünün önündən bir anlıq kinolenti kimi keçdi. Nədən və haradan başlayacağını bilmirdi. Bir qədər susduqdan sonra Cahan dilləndi:
- Əslində mənə o qədər əzablar çəkdirdin ki. Mən səndən heç vaxt ata sevgisi görmədim, nə anam olanda, nə də öləndə. Sən həmişə məni alçaltdın ata, amma buna baxmayaraq mən daima atamdır deyib hər şeyi içimdə saxladım. Başıma gələnləri belə sənə deməyə qorxdum. Heç bir zaman mənim arxamda durmadın.
- Bilirəm, amma nə qədər vicdan əzabı çəkdiyimi bir bilsən. Bütün bunlara görə peşmanam qızım.
- Artıq gecdir ata, çox gecdir. Sən Cahanı öldürmüsən, Cahan sənin üçün yoxdur. Yaxşı deyiblər, sonrakı peşmançılıq fayda verməz. Sənin üçün mənim olub- olmamağımın nə fərqi var ki? Məgər sən deyildin məni övlad gözündə görməyən? İndi nə oldu ata, hə? Bu məhəbbət səndə mənə qarşı hardan yarandı? Yox ata, bağışla, sən Cahanı çoxdan itirmisən, itirdiyin üçün də indi məndən nəsə xeyirxahlıq gözləmə-deyərək sözünü bitirən Cahan otaqdan çıxmaq istədiyi an Fazil onu saxladı:
- Məni bağışlamaq üçün nə istəyirsən?
Onun sualını cavabsız qoyan Cahan otaqdan çıxdı. Dolmuşdu, ağlamamaq üçün özünü toparlayıb gəldiyi kimi qayıtdı. Pillələri aşağı düşüb blokdan çıxaraq dərindən nəfəs aldı. Səki ilə addımlayaraq yürüməyə başladı. İçində atası Fazilə qarşı nifrəti soyumamışdı.
Cahan o gündən sonra bütün fikrini Mehdixana yönəltmişdi. Çünki yaxşı bilirdi ki, Mehdixandan başqa artıq bir kimsəsi yoxdur. Evdə qonaq otağında oturub Mehdixanı gözləyirdi ki, qapının zəngi çalındı. Mehdixanın gəldiyini düşünüb qapıya yaxınlaşdı, qapını açdığı zaman öz sinif yoldaşı Ayseli görüb duruxdu. Aysel salamlaşmadan belə içəri girərək özündən razı şəkildə qonaq otağına keçdi. Cahan qapını bağladı, arxasınca qonaq otağına girib kresloda oturdu. Aysel Cahana nifrət dolu baxışlarla baxırdı. Araya sükut çökmüşdür, yaranan sükutu Aysel bir qədər sonra pozdu:
- Məni gördüyünə təəccübləndin? Zavallı, sən həqiqətən də vicdansız və pozğun imişsən.
- Bura niyə gəlmisən, Aysel?
- Məgər bilmirsən?-deyərək Aysel özündən razı halda dilləndi:
- Sən heç utanmırsan? Nə vaxta qədər mənim yoluma tikan olub bitəcəksən, hə?
- Sən nə danışırsan, mən səni başa düşmürəm.
- Özünü axmaq yerinə qoyma, fahişə-deyərək əsəbi halda Aysel vargücü ilə Cahana şillə çəkdi.
Ayseldən qəfil şillə gözləmirdi Cahan. Əli ilə üzünü tutub ona baxdı. Aysel isə:
- Sən utanmaz və əxlaqsız birisən-dedi:-Sənə nifrət edirəm, bütün varlığımla sənə nifrət edirəm, Cahan. Hər zaman mənim həyatıma mane olmusan, mənə aid olan nə varsa mənimsəməyi sevmisən. Heç utanmırsan? Axı niyə hə?
- Aysel, mən səni başa düşmürəm. Sən nə danışırsan?
- Yaxşı da, özünü axmaq yerinə qoyma, Cahan. Sən yaxşı bilirsən ki, Mehdixan...
- Bir dəqiqə-deyə Cahan Ayselin sözünü kəsdi:
- Bura Mehdixana görə gəlmisən?
Aysel Cahana olanları danışdı. Ona Mehdixanla artıq uzun illərdir ki, bir yaşadıqlarını, fəqət Cahandan sonra ondan soyumasını və daha nələr olduğunu dedi. Aysel danışdıqca Cahan kresloya oturub əli ilə başını tutmuşdu. Aysel Cahana Mehdixanı sevdiyini, ondan əl çəkməsini bu işdə Aykanın onlara oyun oynamasını bildirdi. Cahan artıq hər şeyi bilirdi. Ayselə hər şeyi yoluna qoyacağını deyib onu yola saldı. Özü isə tək qalıb divanda oturaraq Aykanı yığıb onunla görüşmək istədiyini bildirib, onu evinə çağırdı. Öncə Ayka ilə danışıb hər şeyi dəqiqləşdirmək, daha sonra isə Mehdixanla danışıb ondan ayrılmaq istəyirdi. Əlbəttə, bunun nə qədər çətin olduğunuda Cahan yaxşı bilirdi.
Ayka Cahanın evinə gəlmişdi. Qonaq otağında oturub Cahana baxaraq siqaret yandırıb:
- Hə, nə olub ay qız?-deyə soruşdu.
- Daha nə olacaq, Ayka? Niyə mənə Mehdixanın Aysellə yaşadığını deməmisən?
- Desəydim nə olacaqdır, hə?
- Sənin bu təklifinlə razılaşmayacaqdım.
Ayka güldü. Cahana baxıb:
- Yaxşı da,-dedi:
- Sən nə hətərən-pətərən danışırsan? Bu qədər sadəlövh olma da.
- Ayka, mən ciddiyəm. Sənə dost dedim, amma sən...
- Mən nə, hə? Demək istəyirsən mənəm günahkar? Bəsdir, ay qız? Sən də elə az aşın duzu deyilsən. Sənin ürəyin gedirdi Mehdixanla tanışlıq üçün. Amma nə olsun, qazanan sən oldun, mən isə... Burada uduzan mənəm. Daha səni tanıyandan ancaq pulum çıxdı. Mehdixanla da tanış etdim, mənə olan borcunu qaytarmadın. Məgər mən sənin atana borcluyam?
Cahan sanki qəflət yuxusundan oyandı. Aykaya baxıb:
- Borc? Sən xəstəxana məsələsin nəzərdə tutursan?-deyə soruşdu.
- Səncə? Sənin məsələni həll etmək üçün 3000-dən çox pulum çıxdı, amma sən bunu heç düşünmədin bu günə qədər. Məncə daha bəsdir, artıq bəlkə borcunu qaytarasan?
- Sən yaxşı bilirsən ki, indi əlimdə yoxdur. Mehdixandan da pul istəyə bilmirəm. Özümün də işlədiyimi bilirsən, maaşda hissə-hissə qaytararam.
- Nə hissə-hissə? Sənin başın qaçıb? Mənim borcumu bütöv ödə, gözəlim.
- Axı necə?-deyə Cahanın verdiyi sualdan Aykanın əlinə əla fürsət düşdü. İndi Ayka bilirdi ki, Cahanı asanlıqla idarə edə bilər. Odur ki:
- Çox sadə, Cahan, sən müştərilərlə görüşüb mənim borcumu qaytaracaqsan. Bir sözlə, mən səni yüksək təbəqənin fahişəsi edəcəm-deyə Ayka Cahana göz vurdu. Cahan susdu. Aykanın təklifinə nə deyəcəyini bilməyib fikrə getdi. Ayka isə nə yolla olursa-olsun Cahanı əldə etmək və ondan hərtərəfli istifadə etmək niyyətində idi. Amma Cahanın fikrə getməsi onu yorurdu, səbirsizlənirdi Ayka. Onun danışmayacağını görüb özü dilləndi:
- Bu qədər fikrə getmək lazım deyil. Məncə təklifimi qəbul etsən, daha yaxşı olar.
- Bəs, qəbul etməsəm necə?
Ayka ayağa durdu, ona yaxınlaşıb Cahana doğru əyilərək asta bir səslə:
- Qəbul etməyə məcbursan, Cahan -dedi:
- Sənin başqa çıxış yolun yoxdur. Elə bilirsən hər şey havayı olur? Yox, qızım, sən borcunu mənə qaytarmaq üçün buna məcbursan.
Cahan ayağa durdu. Aykanın gözlərinin içinə baxıb:
- Bunu ağlından çıxart, Ayka-dedi:
- Mən sənin təklifinlə razı olmaram. Sən açıq-aydın məni əxlaqsızlığa sövq edirsən, səbəb? Səbəbi əgər borcumdursa, borcumu sənə qaytararam. Sadəcə mənə vaxt ver.
- Vaxt yoxdur, sən 3 gün ərzində mənim pulumu qaytarmalısan, əzizim. Sənə 3 gün möhlət verirəm-deyərək Ayka sözünü bitirib cavab belə gözləmədən onun evini tərk etdi.
Tək və çarəsiz qalmışdı Cahan. Necə və haradan başlayacağını bilmirdi, hər bir şey onun üstünə yüklənmişdi. Aykaya borcu necə qaytaracağını bilmirdi, amma Mehdixandan da istəyə bilməzdi. Çünki tanış olduqları gündən Mehdixan yetərincə ona dəstək olmuşdu.
Səhər işə gəlsə də əvvəlki günlərdən fərqli görünürdü Cahan. İş yerində elə hey düşünür, Aykaya pulu necə qaytaracağı barədə yollar axtarırdı. Ayka isə ona sms vasitəsilə onun 5000 manat borcu olduğunu yazmışdı. Cahanın bu gün fikirli olması onun müdiri İsmayılın da gözündən yayınmamışdı. Onunla danışmaq üçün fürsət axtarırdı. Məhz nahar vaxtını gözləyirdi ki, Cahanla danışsın.
Ayselin isə əməlindən Mehdixan xəbər tutmuşdu. Təbii ki, bu dəfədə dilini Ayka dinc saxlamamış, Ayselin Cahan haqda hər şeyi öyrəndiyini, onunla görüşdüyünü demişdi. Məhz bu səbəbdən də Mehdixan öncə Cahanla danışmaq istəyirdi. Lakin Cahan Aysel ilə söhbətindən sonra Mehdixana cavab vermirdi. Bu hadisə Mehdixanı əsəbiləşdirmişdi, işi yekunlaşdırmaq üçün Ayselin yanına yollanmışdı.
Bütün işçilər nahara çıxmışdılar. Cahan isə işdə oturub fikrə dalmışdı ki, İsmayılın səsi onu fikirdən ayırdı. Ona baxıb ayağa durdu. İsmayıl ona baxıb soruşdu:
- Cahan, sənə nə isə olub?
- Hər şey yaxşıdır, narahat olmayın,-deyə Cahan xəfifcə gülümsədi.
- Mənə elə gəlir ki, səni nə isə narahat edən məsələ var? Nə olub, Cahan?
Cahan borcunun olduğunu İsmayıla demək istəsə də ehtiyat etdi. Ayağa durub heç bir şey olmadığını deyib, ofisdən çıxdı. Sıxılırdı, bir yandan borc, digər yandan isə çıxılmaz vəziyyətdə qalması onu narahat edirdi. Haradan və necə pul tapacağını düşünən Cahan öz-özünə: “Mən neyləyim? Axı bu nə sınaqlardır mənə verirsən? Yoruldum axı, ay Allah. Mənə bır çıxış yolu göstər, nə olar” deyə danışaraq telefonuna baxdı və xalası Məlahətə yığmağı düşündü. Xalası Məlahətin nömrəsinə baxıb bir qədər çək-çevirdən sonra onu yığdı:
- Salam xala... mən səninlə görüşmək istəyirəm... əgər vaxtın varsa bu gün sizə gəlmək istəyirdim... mümkündür?...tamam, gələcəm, mütləq.
Telefonu söndürdü. Geri dönüb ofisə qayıdaraq içəri girib öz stolunun arxasında oturaraq əli ilə başını tutdu.
Cahan Məlahətlə görüşəcəkdir. Bu məqsədlə axşam işdən sonra tələsik ofisdən çıxıb Saraya yollanmalı idi. Düşünürdü ki, xalası Məlahət ona bu çətin məsələdə kömək əli uzadar, çətinlikdən çıxarardı...
Mehdixan isə Ayselin yanına gəlmişdi. Ayselin yanına qalxıb içəri girdikdə Aysel heç nə olmamış kimi onun yanında oturmuşdu. Mehdixan əsəbiləşsə də əsəblərini toparlamağa çalışırdı. Aysel isə incik halda dilləndi:
- Nəhayət ki, yadına düşdüm.
- Məgər yadıma düşməli idin? Sənə demişdim axı, mən sənlə əlaqəni qırmaq fikrindəyəm.
- Axı, niyə? Məgər, mən ondan əskiyəm?
Mehdixan Ayselə baxdı. Gülümsəyərək:
- Ondan, kimdən?-deyərək özünü bilməməzliyə qoydu.
- Yaxşı da, məni axmaq yerinə qoyma, Mehdixan. Mən hər şeyi bilirəm. Sənin kiminlə bir yerdə olduğunu bilirəm. Axı bunu məndən gizlətməyinə nə ehtiyac var idi? Düşünürsən o, məndən yaxşı olacaq? Axı o, kimdir ki?
- Aysel,-deyə Mehdixan sakit və səbirlə danışmağa başladı:
- Madam hər şeyi bilirsən, lap yaxşı. Hə, mən Cahanı sevirəm, o, mənim üçün hər şeydir. Səndə tapmadıqlarımı Cahanda tapmışam, olduqca xoşbəxtəm. Sağ olsun Ayka, onu mənimlə tanış edib. Mən bu tanışlıqdan məmnunam.
- Sən ciddisən?
- Özü də necə. Cahan mənim dünyamdır, Aysel.
- Yox, yox, yox! Cahan sadəcə bir fahişədir. Mən onu yaxşı tanıyıram əzizim, o, mənim sinif yoldaşım olub. Məktəb vaxtından pozğunun biri idi. İndi isə sən durub Cahanı ilahiləşdirmisən. Məni güldürmə.
- Məgər düz demirəm? Mənə onun keçmişi maraqlı deyil, mən onu sevirəm.
- Yox, Mehdixan, sən onu sevmirsən, yox, sən sadəcə onunla könül əyləndirib vaxt keçirirsən. Bir gün ondan da bezəcəksən, bax, onda mən sənə kənardan baxıb güləcəyəm. Doğrudan da siz kişilər kütbeyin olursunuz, sizə sadəcə yazığım gəlir.
- Sən sadəcə barışa bilmirsən gözəlim, çünki Cahan...
- Sus,-deyərək Aysel onun sözünü yarımçıq kəsdi:
- Məni Cahanla bərabər tutma, mən Cahandan qat-qat üstünəm. Sən isə zavallısan, sənə yazığım gəlir. Bilirsən niyə? Çünki sən həyatdan nə istədiyini bilmirsən. Qulaq as, Mehdixan, mən heç kəsə səni məndən ayırmağa izin vermərəm. Məndən qurtulmaq elə də asan deyil. Düşünürsən ki, biz ayrıla bilərik? Yox, əzizim, bunu ağlından çıxart. Mən əşya deyiləm ki, məni istifadə edib atasan. Cahana gəlincə isə, mən səni ona hədiyyə etmərəm, o fahişə mənimlə baş-başa gələ bilməz.
Mehdixan susaraq, Ayselə baxdı. Aysel isə nifrət dolu baxışlarla ona baxıb içində Cahana lənət yağdırırdı. Mehdıxanı itirməmək üçün Aysel hər şeyə hazır idi, hətta Cahanı öldürməyə belə...
Ardı növbəti sayımızda