
Fələstin tərəfdarları Şolzun seçki tədbirini pozmağa çalışırlar
Bir neçə Fələstin tərəfdarı Almaniya kansleri Olaf Şolzun Hannoverdə (Aşağı Saksoniya) keçirilən seçki tədbirini pozmağa cəhd edib. Bu barədə DPA agentliyi məlumat yayıb.
Əvvəlcə gənc qadın hökumət başçısından Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş nazir Benyamin Netanyahunun həbsinə order verməsinə baxmayaraq, niyə Almaniya hakimiyyətinin İsrailə silah tədarükünü davam etdirdiyini soruşub. Şolzun cavabı onu qane etmədiyi üçün o, sualını təkrarlamağa başlayıb, daha sonra “Azad Fələstin” şüarını səsləndirib və Fələstin bayrağını göstərib. Mühafizəçilər onu zaldan çıxarıblar. Daha sonra kansler və vətəndaşlar arasında dialoq zamanı daha dörd fəal Fələstin tərəfdarı şüarlar səsləndirməyə başlayıb. Onlar da zaldan çıxarılıb.
Şolz bir daha Berlinin mövqeyini açıqlayıb ki, İsrail hücumlara qarşı özünü müdafiə etmək hüququna malikdir. O xatırladıb ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarları İsrail vətəndaşlarına hücum ediblər.
Kansler həmçinin qeyd edib ki, Almaniya hökuməti Qəzza zolağına humanitar yardımın çatdırılmasını dəstəkləyir və İordan çayının qərb sahilində aqressiv israilli mühacirlər tərəfindən zorakılığı pisləyir. Eyni zamanda, Şolz bir daha bəyan etdi ki, Almaniya Qəzza sakinlərinin başqa ölkələrə köçürülməsi ideyasına qarşıdır. "Bu, beynəlxalq hüququ pozur və biz də bunu qəbul etmirik", - Almaniya hökumətinin başçısı bildirib.
Əziz Mustafa, Oxuməni.az