
Birinci Kanalın jurnalisti Belqorod vilayətində minaya düşərək ölüb
Belqorod vilayətində Rusiyanın Birinci Kanalının müxbiri Anna Prokofyeva rusların özləri tərəfindən basdırılan minaya düşərək ölüb, operatoru Dmitri Volkov isə yaralanıb. Bu barədə dövlət televiziyasının mətbuat xidməti məlumat yayıb.
İddia olunur ki, Ukrayna ilə sərhəddə “Birinci Kanalın çəkiliş qrupu minaya düşüb ”.
Prokofyevanın 35 yaşı var idi, əvvəllər RT-nin İspaniya redaksiyasında, 2023-cü ildən isə Birinci Kanalda işləyib. Jurnalist Ukrayna ilə müharibəni işıqlandırıb.
Bu, Rusiya dövlət mediasının əməkdaşlarının ölümü ilə bağlı bir həftə ərzində ikinci xəbərdir. Bundan əvvəl “İzvestiya”nın müxbiri Aleksandr Fedorçak döyüş bölgəsində həlak olub. O, son məlumatı Xarkov vilayətinin Kupyansk cəbhəsindən verib. Həmin çəkiliş zamanı Müdafiə Nazirliyinin “Zvezda” telekanalının operatoru Andrey Panov və çəkiliş qrupunun sürücüsü Aleksandr Sirkeli həlak olub.
Əziz Mustafa, Oxuməni.az