
Şimali Koreya Ukraynadakı müharibədən təxminən 20 milyard dollar qazanıb
Şimali Koreya Ukrayna ilə müharibə üçün Rusiyaya silah verməkdən təxminən 20 milyard dollar qazanıb. Bu barədə Cənubi Koreyanın Müdafiə Araşdırmaları İnstitutunun (KIDA) “Newsweek” və “NK News”-un yaydığı hesabatda deyilir.
Hesabatda deyilir ki, Şimali Koreyanın ən böyük qazancı 19,2 milyard dollar dəyərində avadanlıq və sursat tədarükü olub. Pxenyan həmçinin texnologiya transferlərindən 630 milyon dollar, qoşun göndərməkdən isə 280 milyon dollar qazanıb.
Cənubi Koreyalı tədqiqatçılar öz qiymətləndirmələri üçün KXDR-in Rusiyaya təkcə dəniz yolu ilə 21 min konteyner silah və sursat göndərdiyi barədə məlumatdan istifadə ediblər.
İnstitut Şimali Koreya qoşunlarının yerləşdirilməsindən əldə etdiyi gəliri Rusiyanın KXDR-dən olan 11 min əsgərə aylıq maaş, eləcə də birdəfəlik bonuslar (mükafat) verdiyi məlumatlara əsasən hesablayıb. Hesabatda qeyd edilir ki, Pxenyan bu ödənişlərdən pulun bir hissəsini hərbçilərə göndərməzdən əvvəl saxlayır.
“Reuters” agentliyinin məlumatına görə, son aylarda Rusiya hərbçilərinin istifadə etdiyi sursatın təxminən 50%-i KXDR-dən tədarük edilib.
Almaz Həsənli