
Nepalda 100-ə yaxın dağa dırmaşmaq pulsuz olacaq
Nepal, ölkənin ucqar və daha az çiçəklənən bölgələrinə turizmi artırmaq və alpinistləri ora cəlb etmək məqsədilə növbəti iki il ərzində 97 Himalay dağına qalxmaq üçün alpinistlərdən ödəniş tələb etməyəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə “BBC” Rus Xidməti məlumat yayıb.
Eyni zamanda, dünyanın ən yüksək zirvəsi olan Everestə dırmaşmaq üçün icazə haqqı sentyabr ayından etibarən pik mövsümdə 15.000 dollara qədər artacaq - bu, demək olar ki, 10 ildə ilk artımdır.
Qərarını elan edən Nepalın turizm nazirliyi bu təşəbbüsün diqqəti “tədqiq edilməmiş turizm məhsulları və istiqamətlərinə” cəlb edəcəyinə ümid etdiyini bildirib.
Alpinizm dünyanın 10 ən yüksək dağından səkkizinə ev sahibliyi edən Nepal üçün mühüm gəlir mənbəyidir. Keçən il dırmaşma haqları 5,9 milyon ABŞ dolları gətirdi və bunun dörddə üçündən çoxu Everestin payına düşür.
Sərbəst zirvələr Nepalın qərbindəki Karnali Pradeş və Sudurpaşim Pradeş əyalətlərində yerləşir. Onların hündürlüyü 5,970 metrdən 7,132 metrə qədərdir.
Bu iki əyalət ölkənin ən yoxsul və ən az inkişaf etmiş bölgələri sırasındadır.
"Bu dağların heyranedici gözəlliyinə baxmayaraq, çətin giriş səbəbindən burada turistlərin və alpinistlərin sayı çox azdır. Ümid edirik ki, dırmanma ödənişlərindən imtina bunu dəyişməyə kömək edəcək,"- Nepalın Turizm Departamentinin direktoru Himal Qautam bildirib.
"Yeni turistlər iş yerlərinin yaradılmasına, gəlir əldə edilməsinə və yerli iqtisadiyyatın güclənməsinə kömək edəcək,"- “Kathmandu Post” Himal Qautamdan sitat gətirir.
Bununla belə, hakimiyyət orqanlarının bu ucqar ərazilərlə infrastrukturu və nəqliyyat əlaqələrini yaxşılaşdırmağı planlaşdırıb-yaratmadığı aydın deyil. Sərbəst dırmanma təşəbbüsü həyata keçirilərsə, yerli hakimiyyət orqanlarının alpinist axınının öhdəsindən nə dərəcədə uğurla çıxacağı da bəlli deyil.
Almaz Həsənli