
Argentina prezidenti avtomobili izdihamın hücumuna məruz qaldıqdan sonra qaçmağa məcbur olub
Argentina prezidenti Xavyer Mayli etirazçılar onun avtomobilinə daş atdıqdan sonra seçki kampaniyasından təxliyə edilib. Bu barədə Oxuməni.az “Reuters”ə istinadən xəbər verir.
Hadisə 2025-ci il avqustun 27-də, sentyabrın 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində təbliğat-təşviqat kampaniyası zamanı baş verib.
Mayli maşında bacısı Karina, nazir Xose Luis Espert və La Libertad Avanza partiyasından olan digər namizədlərlə birlikdə olub. Hücum zamanı prezident cisimlərə dəyməmək üçün əyilib və qara mikroavtobusda sürətlə təxliyyə edilib.
Prezidentin sözçüsü Manuel Adorninin sözlərinə görə, təhlükəsizlik işçiləri və ya nümayəndə heyətindən heç kim xəsarət almayıb.
Hücumun maşına daş, budaq və yumurta atan müxalifət fəalları olan peronistlər tərəfindən təşkil edildiyi ehtimal edilir. Hadisə nəticəsində iki nəfər həbs edilib. Biri dövlət məmuruna hücum etdiyi üçün həbs edilib, digəri isə sərbəst buraxılıb.
Hücum prezidentin bacısı Karina Mayli ilə bağlı korrupsiya qalmaqalı fonunda baş verib. Hakimiyyət onu Əlillik üzrə Milli Agentlik (ANDIS) vasitəsilə əczaçılıq şirkətlərindən rüşvət almaqda ittiham edir. Prezident bu ittihamları qəti şəkildə rədd edir, onları yalan adlandırır və günahkarların məsuliyyətə cəlb ediləcəyini vəd edir.
Əziz MUSTAFA