Finlandiya ABŞ-ın Ukrayna üçün silah tədarükünə qoşulub
Finlandiya beynəlxalq PURL təşəbbüsünə qoşulub və 100 milyon avro töhfə verib. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da məlumat verib.
Zelenski Brüsseldə Finlandiyanın baş naziri Petteri Orpo ilə görüşüb. Danışıqlar zamanı o, Finlandiya hökumətinə Ukraynaya 52 milyon avro dəyərində bu yaxınlarda elan edilmiş 30-cu müdafiə yardımı paketinə görə təşəkkür edib. Zelenski, həmçinin Helsinkinin 100 milyon avro töhfə ilə beynəlxalq PURL təşəbbüsünə qoşulmaq qərarını qeyd edib.
“Bu, müdafiəmiz üçün əsl yardımdır”, - deyə prezident vurğulayıb.
Tərəflər həmçinin SAFE aləti çərçivəsində, xüsusən də uzaqmənzilli raketlərin, dronların və artilleriya sursatlarının tədarükü sahəsində gələcək əməkdaşlığı müzakirə ediblər.
Bundan başqa, görüşdə Zelenski və Orpo Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarının nəticələrini müzakirə ediblər. Prezident həmkarına son zərbələr və Ukraynanın enerji potensialını bərpa etmək üçün atdığı addımlar barədə məlumat verib.
Tərəflər, həmçinin Ukraynanın Enerji Dəstəyi Fonduna töhfələr, sığınacaqların tikintisi və Finlandiyanın müvafiq beynəlxalq koalisiyadakı liderliyini müzakirə ediblər.
"Mən Finlandiyanın bütün dəstəyini yüksək qiymətləndirirəm. Görüşə görə təşəkkür edirəm", - Zelenski bildirib.
Əziz MUSTAFA



















































































