Beynəlxalq sabitləşdirmə qüvvəsi 2026-cı ilin əvvəlində Qəzzaya yerləşdirilə bilər

Beynəlxalq sabitləşdirmə qüvvəsi 2026-cı ilin əvvəlində Qəzzaya yerləşdirilə bilər

08:11
Bəyəndim (1) Bəyənmədim (0)

The Jerusalem Post qəzeti çərşənbə günü bir mənbəyə istinadən xəbər verir ki, beynəlxalq sabitləşdirmə qüvvəsi 2026-cı ilin əvvəlində Qəzza zolağında missiyasına başlaya bilər.

Qəzet yazır ki, "ABŞ rəsmisi çərşənbə axşamı günü qəzetə bildirib ki, 2026-cı ilin əvvəlində Qəzzaya beynəlxalq sabitləşdirmə qüvvəsi yerləşdiriləcək".

Rəsmi şəxsin sözlərinə görə, əvvəlcə bir və ya iki ölkə qüvvəyə qoşun göndərəcək; digər ölkələr isə daha sonra missiyaya qoşula bilər. Rəsmi qüvvəyə hansı ölkələrin töhfə vermək niyyətində olduğunu dəqiqləşdirməyib. O, əlavə edib ki, bu qüvvələr HƏMAS-ın nəzarətində olan anklav ərazilərinə yerləşdirilməyəcək.

The Jerusalem Post qəzeti xatırladır ki, noyabr ayında İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq sabitləşdirmə qüvvəsinin nə vaxt fəaliyyətə başlaya biləcəyi ilə bağlı qeyri-müəyyənlikdən danışıb.

9 oktyabr gecəsi ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS hakimiyyətlərinin Vaşinqtonun Qəzza münaqişəsinin həlli üçün təklif etdiyi planın birinci mərhələsi ilə razılaşdığını açıqlayıb. HƏMAS indiyə qədər 20 diri girovu və 20-dən çox ölün cəsədini İsrailə qaytarıb. İsrail də öz növbəsində təxminən 2000 fələstinli məhbusu azad edib, 300 fələstinlinin cəsədini Qəzzaya qaytarıb və qüvvələrini əvvəllər razılaşdırılmış xətlərə çəkib.

İkinci mərhələ Qəzzanın müharibədən sonrakı idarəçiliyi və bəzi zəruri mexanizmlərin yaradılması ilə bağlıdır. Onun həyata keçirilməsi HƏMAS-ın tərksilah edilməsi, Zolaqdakı vəziyyəti izləmək vəzifəsi daşıyan beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibi və Qəzzada yenidənqurma üçün ərazilərin seçilməsi ilə bağlı problemlər səbəbindən dayanıb.

Əziz Mustafa