İnsanların ən qədim əcdadları dörd gözə sahib olublar
Çinin cənubunda tapılan nadir qalıqlar göstərir ki, ən qədim məlum onurğalılar – təxminən 518 milyon il əvvəl yaşamış çənəsiz balıqlar – iki deyil, dörd gözə sahib olublar. Oxuməni.az xəbər verir ki, “Interesting Engineering”-in yazdığına görə, tədqiqatçılar bu "dörd gözlü" canlılardan birini müasir insanın əcdadlarında mürəkkəb görmə sistemlərinin və beyin strukturlarının necə formalaşdığını anlamaq məqsədi ilə yenidən qurublar.
"Bu, onurğalıların erkən təkamülü haqqında təsəvvürlərimizi dəyişir", - deyə tədqiqatın həmmüəllifi, Bristol Universitetinin makroevolyusiya professoru Yakob Vinter qeyd edib.
Onun sözlərinə görə, insan əcdadları təhlükəli dünyada istiqamətlənən, vizual cəhətdən inkişaf etmiş canlılar olublar.
Məsələ burasındadır ki, insanlığın tarixi milyon illər əvvələ – Myllokunmingia (millokunminqiyalar) kimi tanınan çənəsiz balıqlara qədər uzanır. İnsan da daxil olmaqla, əksər müasir onurğalılar iki gözə malikdir. Lakin bu qədim canlılar qaydanın istisnası olublar. Onlar Kembri dövründə – okeanlarda böyük yırtıcıların peyda olmağa başladığı dövrdə (541-485,4 milyon il əvvəl) yaşayıblar. Kiçik, yumşaq bədənli onurğalılar üçün bu, daimi təhlükə demək idi.
"Belə bir mühitdə dörd göz daha geniş baxış bucağı təmin edə bilərdi ki, bu da yırtıcılardan qaçmaq üçün həlledici idi", - deyə Vinter izah edib.
Tədqiqatçılar Çinin cənubundakı məşhur Çencian yataqlarında tapılmış iki növün – Haikouichthys ercaicunensis və hələ adı qoyulmamış başqa bir millokunminqiya nümayəndəsinin yaxşı qorunmuş fosillərini təfərrüatlı şəkildə öyrəniblər. Onlar başın hər iki tərəfində iki böyük göz, ortada isə daha iki kiçik göz aşkar ediblər.
Tədqiqatçıların qeyd etdiyi kimi, yumşaq toxumalar, xüsusən də gözlər, qalıq vəziyyətində son dərəcə nadir hallarda qalır. Dərhal dördünü tapmaq elm adamları üçün böyük bir uğurdur. Komanda gözlərin mövcudluğunu təsdiqləmək və onların quruluşunu araşdırmaq üçün güclü mikroskoplar və kimyəvi analizdən istifadə edib.
Tədqiqatın rəhbəri, Yunnan Universitetinin paleobiologiya professoru Peyyun Konq (Peiyun Cong) bildirib ki, əvvəlcə alimlər böyük gözlərin anatomiyasını öyrəniblər, lakin onların arasında daha iki kiçik, tam funksional görmə orqanı aşkar etdikdə təəccübləniblər.
"Bunu görmək inanılmaz dərəcədə maraqlı idi", - o qeyd edib.
İki kiçik göz dairəvi formada idi, işığa həssas piqmentlərə və böyük gözlər kimi görüntü əmələ gətirə bilən linzalara malik idi. Bu kəşf qədim anatomiya ilə müasir biologiya arasındakı boşluğu doldurmağa kömək edir.
Bəzi müasir sürünənlərdə, amfibiyalarda və balıqlarda hələ də işığa reaksiya verən "üçüncü" və ya parietal görmə orqanı adlanan bir orqan var. İnsanlarda isə bu quruluş epifiz vəzinə çevrilmişdir.
Beynin dərinliklərində yerləşən bu vəz yuxunun tənzimlənməsi ilə əlaqəlidir: insanlarda və əksər digər onurğalılarda melatonin istehsal edir. Lakin yarım milyard il əvvəl onun əcdadı Myllokunmingia-lara yırtıcılardan qaçmağa kömək edirdi.
"Biz görürük ki, epifiz orqanları əvvəlcə görüntü əmələ gətirən tam hüquqlu gözlər idi. Yalnız zamanla, təkamül prosesində onlar kiçildi, görmə funksiyasını itirdi və müasir rolunu - yuxunun tənzimlənməsini qazandı", - Konq izah edib.
Almaz Həsənli

.jpg)






















.jpg)
.jpg)
.jpg)
































.jpg)
.jpg)
.jpg)




















