Alimlər ChatGPT-nin bir məktub yazmaq üçün nə qədər suya ehtiyacı olduğunu hesablayıblar
Populyar ChatGPT çat-botu vasitəsilə cəmi 100 sözlük bir məktub yazmaq təxminən standart bir su şüşəsinin həcmi qədər su istehlak edir və 2027-ci ilə qədər süni intellekt (Sİ) Böyük Britaniyanın illik su təchizatının yarısına qədərini istifadə edə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə “Space Daily” nəşri məlumat yayıb.
Sİ serverləri əslində böyük elektrik qızdırıcılarıdır. Sorğuları emal edən Nvidia çipləri hər biri 300-700 vatt istehlak edir. Bu texnikanı soyutmaq üçün məlumat mərkəzləri buxarlanma soyutmasından istifadə edirlər: su istiliyi udur və atmosferə buxarlanır. Tədqiqatların nəticələrinə görə, götürülən suyun təxminən 80%-i geri qayıtmır.
Google-un 2021-2024-cü illər arasındakı istehlakı demək olar ki, iki dəfə artmışdır - şirkətin özü ardıcıl ekoloji hesabatlarda Sİ yükünün artımını əsas səbəb kimi göstərir.
Microsoft yalnız 2022-ci ildə 1,7 milyard qallon (1 gallon = 3.785411784 litr –red.) su xərcləyib. Mövcud məlumatlara görə, həmin ilin iyul ayında Ayovada GPT-4-ün sınaq işə salınması bir ay ərzində 11,5 milyon qallon su tələb edib.
Konkret qurbanları artıq adları ilə sadalamaq olar. Çilidə ekoloji məhkəmə Santyaqo yaxınlığındakı Google məlumat mərkəzinin fəaliyyətini dayandırıb - ölkə artıq 15 ildir ki, fasiləsiz quraqlıq vəziyyətindədir. Meksikanın Kеретаро şəhərində 32 yeni məlumat mərkəzinin tikintisi planlaşdırılır, 2024-cü il əsrin ən quraq ili olub. Uruqvayda təklif olunan Google obyekti gündə 7,6 milyon litr su istehlak edəcək - bu, gündə 55 000 insanın tələbatına bərabərdir.
Kaliforniya Universitetinin (Riverside) tədqiqatçıları hesab edirlər ki, 2027-ci ilə qədər Sİ sənayesi ildə 4,2-6,6 milyard kubmetr su istehlak edə bilər. Aşağı qiymət dörd Danimarkanın su təchizatı qədərdir. Yuxarı qiymət isə bütün Böyük Britaniyanın illik su təchizatının demək olar ki, yarısıdır.
Bununla belə, şirkətlər hər şeyi açıqlamırlar. Dünyanın ən böyük bulud infrastrukturunu idarə edən Amazon su istehlakı barədə heç bir məlumat dərc etmir.
Microsoft etiraf edib ki, 2023-cü ildə su təchizatının 42%-i rəsmi olaraq "su qıtlığı" qeydə alınmış bölgələrə düşüb.
Qeyd olunur ki, tendensiya ondan ibarətdir ki, Sİ üçün soyutma infrastrukturu əsasən suyun ucuz olduğu və yerli əhalinin danışıqlar aparmağa ən az hazırlıqlı olduğu yerlərdə tikilir.
Almaz Həsənli































































































