Azərbaycan USAID ilə əməkdaşlığı dayandırır

Azərbaycan USAID ilə əməkdaşlığı dayandırır

14:54
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əməkdaşlıq sazişini yeniləməkdən imtina edib. Bu barədə cümə axşamı xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonu öz siyasi gündəliyini həyata keçirmək üçün USAİD-dən istifadə etməkdə ittiham edərək bildirib.

Bayramov gürcüstanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib ki, Bakı 2024-cü ilin iyununda USAID ilə əməkdaşlığı dayandırıb. Bu barədə “Reuters” məlumat yayıb

USAID-dən dərhal şərh almaq mümkün olmayıb.

Azərbaycan 2023-cü ilin sonlarında agentliyin rəhbəri Samanta Pauer Azərbaycanın separatçı Dağlıq Qarabağ bölgəsini geri almaq üçün keçirdiyi hərbi əməliyyatın "100 mindən çox insanı evlərini tərk etməyə və qonşu Ermənistana köçməyə məcbur etdiyini" dedikdən sonra USAİD-i tənqid etməyə başlayıb.

Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev Pauerin bəyanatına cavab olaraq bildirib ki, USAİD-in “artıq Azərbaycanda yeri yoxdur”.

USAID özünü beynəlxalq inkişafa rəhbərlik edən və tərəfdaş ölkələrə humanitar yardım göstərən ABŞ dövlət qurumu kimi təsvir edir. O, öz internet səhifəsində bildirir ki, onun missiyası həm də Amerikanın xarici siyasətinə dəstək olaraq “demokratik dəyərləri xaricdə təbliğ etmək və nümayiş etdirmək və azad, sülhsevər və firavan dünyanı inkişaf etdirməkdir”.

Azərbaycan postsovet məkanında USAID ilə əməkdaşlığı dayandıran ilk ölkə deyil.

2012-ci ildə agentliyin Rusiyada fəaliyyəti dayandırılıb, 2023-cü ildə isə Gürcüstanın Rusiyanın dəstəklədiyi separatçı regionu Abxaziya USAİD layihələrindən imtina edib.

Almaz Həsənli