Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

29 Dekabr 2019 13:15
Bəyəndim (4) Bəyənmədim (60)

Dekabrın 26-da "Xəmsə" İstirahət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və qarşıdakı əlamətdar bayramlara həsr olunmuş tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və tanınmış jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. 2019-cu ilin xalqımız və dövlətimiz üçün bir sıra tarixi hadisələrlə əlamətdar olduğunu xatırladan icraçı direktor "Nəsimi ili" çərçivəsində dahi şairin xatirəsinə həsr olunmuş çoxsaylı mədəni-kütləvi tədbirlərin keçirildiyini bildirib.
İcraçı direktor Fondun 2019-cu ildə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə çoxsaylı layihələri uğurla reallaşdırdığını vurğulayıb. V.Səfərli həmçinin bildirib ki, 2019-cu ildə gündəlik, günaşırı və həftəlik nəşr olunan 25 qəzetə maliyyə dəstəyi göstərilib, həmin qəzetlərdə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 4000 səhifədən çox yazı dərc edilib.
Jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. İcraçı direktor Fondun il ərzində əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə 2 dəfə, eləcə də Mədəniyyət Nazirliyi, "Azərenerji" ASC və Dövlət Statistika Komitəsi ilə birlikdə fərdi jurnalist yazıları müsabiqələri keçirdiyini xatırladıb. O bildirib ki, 2019-cu ildə keçirilmiş 8 müsabiqədə 600 nəfərədək jurnalist iştirak edib və onlardan 400 nəfərə qədəri mükafatlandırılıb.
Çıxışını davam etdirən Vüqar Səfərli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinə 56 kütləvi informasiya vasitəsindən 150 yazının təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini vurğulayıb. Ümumilikdə, müsabiqə iştirakçılarından 113 nəfərin mükafatçı olduğunu bildirən Vüqar Səfərli hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib: "Bu gün müsabiqədə I yeri tutmuş jurnalistlərin mükafatlandırılması nəzərdə tutulur".
Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral tədbir iştirakçılarını salamlayaraq 2020-ci ildə Azərbaycanın üzləşdiyi ədalətsiz müharibənin başa çatması və ərazisinin işğaldan azad olunması arzusunu ifadə edib. Səfir, eyni zamanda qalib jurnalistləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir bədii hissə ilə davam etdirilib.

Oxumeni.az

Digər xəbərlər