Uğur Şahin xərçəng dərmanı üçün tarix açıqlayıb

Uğur Şahin xərçəng dərmanı üçün tarix açıqlayıb

23 Avqust 2023 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Korona virus epidemiyasına qarşı hazırladığı peyvəndlə dünyada tanınan «BioNTech» şirkəti uzun müddətdir üzərində çalışdığı xərçəng dərmanı üçün tarix təyin edib. «BioNTech»-in qurucularından olan Uğur Şahin bəzi xərçəng növlərinə qarşı inkişaf etdirdikləri dərmanların 2026-cı ildən etibarən bazara çıxacağını və mədəaltı vəzi xərçəngi üçün işlətdikləri dərmanların ümidverici olduğunu bildirib.

Korona virusu epidemiyasına qarşı ilk peyvəndi hazırlayan «BioNTech» şirkətinin qurucularından olan Uğur Şahin, xərçəng dərmanlarının 2026-cı ildən etibarən bazara çıxarıla biləcəyini söyləyib.

Alman mətbuatına açıqlama verən Uğur Şahin bəzi xərçəng növlərinə qarşı inkişaf etdirdikləri dərmanların 2026-cı ildən etibarən qeydiyyat prosesini tamamlayacağını və bazara çıxarıla biləcəyini açıqlayıb.

O, yoğun bağırsaq, ağciyər və mədəaltı vəzi xərçənginə qarşı üzərində işlədikləri dərmanların perspektivli olduğunu bildirib. "Bu tədqiqatlar uğurlu olarsa, dərmanların təsdiqlənməsi 2026-cı ildən mümkün olacaq." Şahin, inkişaf etdirilən dərmanların 10 il ərzində kimyaterapiyaya alternativ ola biləcəyinin müjdəsini də verib. Şahin pandemiya sonrası işlərinin 80 faizini xərçənglə mübarizəyə həsr etdiklərini qeyd edib.

«Biontech»-in həmtəsisçiləri Uğur Şahin və həyat yoldaşı Özlem Türeci keçən il «mRNA» texnologiyasına əsaslanan xərçəng peyvəndlərinin 2030-cu ildən əvvəl hazır ola biləcəyini açıqlamışdı.

Murad Şahməmməd