UEFA AVRO-2024-ün 1/4 finalında hakim səhvini etiraf edib
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Hakimlər Komitəsi Almaniyada keçirilən Avropa çempionatının 1/4 final matçında hakimin İspaniya millisinin qapısına penalti təyin etməmək qərarını səhv adlandırıb.
İspaniya millisi əlavə vaxtda turnirin ev sahiblərinə 2:1 hesabı ilə qalib gəlib. Matçın 106-cı dəqiqəsində Almaniya yığmasının yarımmüdafiəçisi Camal Musialanın qapıya vurduğu zərbə öz cərimə meydançasında olan ispan müdafiəçi Mark Kukurellanın əlinə dəyib. Amma matçın baş hakimi ingilis Entoni Teylor penalti təyin etməyib. Matçdan sonra mətbuatın yazdığına görə, Almaniya yığmasının baş məşqçisinin köməkçisi Sandro Vaqner hakimlərin paltardəyişmə otağına soxulub və Teyloru təhqir edib. Azarkeşlər daha sonra oyunun təkrar keçirilməsini tələb edən petisiya yaradıblar.
Bu məqam hakimlər komitəsi tərəfindən qaydaların dəqiqləşdirilməsi üçün hakimlərə təqdim olunan epizodların nəzərdən keçirilməsinə daxil edilib. Qurumun gəldiyi nəticəyə görə, səhv həm Teylor, həm də epizoda müdaxilə etməyən VAR hakimi tərəfindən edilib.
Əziz Mustafa