Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

10:37
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycan boksçusu Əminə Tağı Avropa çempionu tituluna yiyələnib.

AZƏRTAC xəbər verir ki, 50 kiloqram çəkidə mübarizə aparan idmançı bu uğura Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən qitə birinciliyində imza atıb.

O, finalda ermənistanlı Amest Afrikyanı məğlub edib. Boksçumuz rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Novi Pazarda Azərbaycan Himni səsləndirilib.

Digər qız boksçularımızdan Cəmilə Muradlı (52 kiloqram), Fidan Bakarova (63 kiloqram), Səma Abbasova (66 kiloqram) gümüş, Aylin Nəzərova (46 kiloqram), Gülər Hüseynova (48 kiloqram) və Zəhra Məmmədova (54 kiloqram) bürünc medal qazanıblar.

Beləliklə, qızlardan ibarət millimiz Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.

Yarışın altıncı günündə Səfdər Məmmədzadə (+80 kiloqram) isə adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək.

Qeyd edək ki, oğlan boksçularımızdan daha öncə Qardaş Rəhimov (46 kiloqram), Məhəmməd Rəsulov (50 kiloqram), Raul Heydərli (54 kiloqram), Şahin Aslanov (60 kiloqram) və Haqverdi Həsənov (63 kiloqram) bürünc medala sahib olublar.

Oxuməni.az