UEFA Konfrans Liqası: “Araz-Naxçıvan” “Aris” üzərində tarixi qələbə qazandı, “Sabah” “Petrokub”a qalib gəldi

UEFA Konfrans Liqası: “Araz-Naxçıvan” “Aris” üzərində tarixi qələbə qazandı, “Sabah” “Petrokub”a qalib gəldi

25 İyul 10:17
Bəyəndim (3) Bəyənmədim (0)

Azərbaycanın "Araz-Naxçıvan" və "Sabah" klubları UEFA Konfrans Liqasının seçmə mərhələsinin 2-ci mərhələsində ilk oyunlarını keçiriblər.

Oxuməni.az xəbər verir ki, Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstanın “Aris” komandasına 2:1 hesabı ilə qalib gələn Azərbaycanın “Araz-Naxçıvan” komandası avrokuboklarda debüt oyununda tarixi qələbə qazanıb.

Bakıdakı “Liv Bona Dea Arena” stadionunda keçirilən görüşün ilk yarısı qolsuz keçsə də, ikinci hissədə tamaşaçılar üç qol görüblər. Əvvəlcə 66-cı dəqiqədə Loran Moron yunan klubunu hesabda irəli çıxarsa da, 9 dəqiqə sonra Felipe Santos hesabı bərabərləşdirdi. Üç dəqiqə sonra Patrik Andrade həlledici qolu vuraraq meydan sahiblərinə qələbə qazandırıb.

Cavab oyunu iyulun 31-də Yunanıstanda keçiriləcək.

“Araz-Naxçıvan”dan sonra Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Sabah” da qələbə qazanıb.

Valdas Dambrauskasın yetirmələri Kişinyovda Moldova “Petrokub”unu məğlub edib - 2:0.

Azərbaycan komandası meydan sahiblərinin qapısına iki cavabsız qol göndərərək, səfərdə inamlı qələbə qazana bilib. Bu oyunda vurulan qolların müəllifləri Pavol Safranko və Kasim Parris olub. Beləliklə, “Sabah” cavab görüşü öncəsi rahat üstünlüyə malikdir.

Rəqiblər bir həftə sonra, iyulun 31-də Bakıda yenidən üz-üzə gələcəklər.

Almaz Həsənli