Təhsil Nazirliyi əmr verdi!
Təhsil Nazirliyi əmr verib; Azərbaycanda fəaliyyət göstərən mülkiyyət növündən asılı olmayaraq bütün tipdən və növdən olan təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, müəllimlərin bu qaydalarla tanış olmasını və qaydalara riayət olunmasını təmin etsinlər. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.
Əmrdə qeyd olunub ki, müəllimlərin etik davranış qaydaları təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsil verənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir. Bu qaydalar "Təhsil haqqında" qanuna, digər qanunvericilik aktlarına və "Təhsil prosesi iştirakçılarının etik standartlar modeli"nə uyğun hazırlanıb. Bu qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir: "Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbərlik tərəfindən müntəzəm təhlil edilir və bu qaydalarla müəyyən edilmiş tədbirlər görülür.
Təhsil müəssisəsinin rəhbərliyi yeni işə qəbul olunan müəllimləri bu qaydalarla tanış etməli, müəllimlərin davranışının bu qaydalara uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalı, öz davranışı ilə Qaydalara əməl olunmasında nümunə göstərməli, pedaqoji kollektivi və ya hər hansı bir müəllimi hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir. Qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görməlidir. Bundan əlavə, direktorlar pedaqoji kollektivə qaydaları izah etməli və müraciət edən hər bir müəllimə müvafiq tövsiyələr verməli, bu qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin qanunvericiliyə uyğun intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə kollektivi və ictimaiyyəti məlumatlandırmalı, bu qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir".
Mediainfo.az