5 min Gürcüstan ermənisi vətəndaşlıqdan çıxarıldı
Gürcüstanın Axalkələk (Cavaxeti) rayonunun 5 min erməni əsilli sakini gizli şəkildə Ermənistan vətəndaşlığı alıb. "Epress" saytının verdiyi məlumata görə, onların Ermənistan vətəndaşlığı almaları keçirilmiş son seçkilərdə üzə çıxıb. Ermənilər bu addımı sərbəst şəkildə Rusiyaya getmək və işləmək üçün atdıqlarını bildiriblər.
Gürcüstanın "Rustavi 2" telekanalının isə məsələ ilə bağlı hazırladığı reportajda bildirilir ki, Ermənistan pasportlarının alınmasından sonra ermənilər Gürcüstanın vətəndaşlığını itiriblər. Çünki Gürcüstan Konstitusiyasına əsasən, ölkə vətəndaşı başqa ölkə vətəndaşlığı aldıqdan sonra Gürcüstan vətəndaşlığını avtomatik itirir. İkili vətəndaşlıq alınması üçün Gürcüstan prezidentinə müraciət etmək lazımdır.
"Exo Qafqaz" radiosu isə yerli KİV-ə istinadən məlumat verib ki, qeyd olunan problemin həll olunması və Axalkələk ermənilərinin ikili vətəndaşlıq almaları üçün Gürcüstan parlamentinin keçmiş deputatı Məlik Raisyanın başçılığı altında ermənilər imzatoplama kampaniyasına başlayıblar. Onlar Gürcüstan vətəndaşı olmadan onlara Gürcüstanda yaşama icazəsi verilməsinə çalışırlar.
Mediainfo.az