İlham Əliyev Polşanın səfirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanın etimadnaməsini qəbul edib.
Səfir M. Tsalka fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini İ. Əliyevə təqdim edib. Sonra İ. Əliyev səfirlə söhbət edib.
Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin qədim tarixə malik olduğunu vurğulayan dövlət başçısı ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Polşa prezidenti Bronislav Komorovski ilə Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan prezident İ. Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən dövlət başçısı Polşa şirkətlərinin ölkəmizdə, Azərbaycan şirkətlərinin isə Polşada həyata keçirilən birgə layihələrdə daha fəal iştirak etmələrinin önəmini qeyd edib.
Səfir M. Tsalka isə ayrı-ayrı nümayəndə heyətlərinin tərkibində Azərbaycana müxtəlif vaxtlarda səfər etdiyini vurğulayıb. O, diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.
Mediainfo.az