Taksilər üçün yeni fərman

Taksilər üçün yeni fərman

1 Sentyabr 2015 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Lisenziya və fərqlənmə nişanını ASAN Xidmət tərəfindən verilməsi taksiçiliyin keyfiyyətini artıracaq

Dünən Prezident İlham Əliyev "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb.

Fərmanda ən diqqət çəkən məqamlardan biri taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya), taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə "Fərqlənmə nişanı"nın verilməsinin ASAN Xidmətə həvalə olunmasıdır. Artıq müəyyən prosedurlar həyata keçiriləndən sonra taksi fəaliyyəti ilə məşğul olanlar, eləcə də aylıq fərqlənmə nişanı almaq istəyənlər ASAN Xidmətə müraciət edərək istəklərini daha rahat və qısa müddətdə həyata keçirə biləcəklər.

Bundan əvvəl isə bəzi məsələlər həllini tapmalıdır və ölkə başçısı imzaladığı sənədlə dövlət qurumlarının qarşısında müvafiq tapşırıqlar qoyub. Bu tapşırıqlardan biri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə aiddir. Komitə yaxın gələcəkdə taksi fəaliyyəti ilə bağlı standartları müəyyənləşdirməli və təsdiq etməlidir. Digər məsələ isə Nəqliyyat Nazirliyinin lazım olan informasiya bazasını ASAN Xidmətə inteqrasiya etməsi ilə bağlıdır. Nəqliyyat Nazirliyindən bildirilib ki, artıq sərəncamdan irəli gələn məsələlərin icrasına başlanılıb.

Ekspert Ərşad Hüseynov hesab edir ki, proses bir neçə aya yekunlaşacaq və ASAN Xidmət də məhz bundan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanı, eləcə də fərqlənmə nişanlarını təqdim etməyə başlayacaq. Ekspert həmçinin qeyd edib ki, lisenziya hər bir nəqliyyat vasitəsinə 5 il müddətinə verilir və rüsumun məbləği 150 manatdır. Fərqlənmə nişanına görə ödənilən rüsumun məbləği isə oturacaqların sayından asılı olaraq 16 manatdan başlayır.

Ə.Hüseynov bildirdi ki, lisenziya və fərqlənmə nişanlarının ASAN Xidmət vasitəsi ilə verilməsi ölkədə taksilərin fəaliyyətinə müəyyən nizam-intizam gətirəcək: "Həmçinin nəqliyyat müfəttişləri və polis nəzarətedici orqan olaraq öz işlərinə daha məsuliyyətli yanaşacaqlar". (lent)

Mediainfo.az