“Artıq sahibkarlar monopoliyanın bərpa olunmasını arzulayırlar” - Deputatdan maraqlı açıqlama

“Artıq sahibkarlar monopoliyanın bərpa olunmasını arzulayırlar” - Deputatdan maraqlı açıqlama

1 Fevral 2016 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Musa Quliyev: "Gəlin, biz elə bir rejim yaradaq ki, qaş qayırdığımız yerdə göz də çıxartmayaq"

Milli Məclisin iclasında deputat Fazil Mustafa çıxış edərkən kino sənətinin səviyyəsini qaldırmaq üçün təkliflər verdi. O, bildirdi ki, bu qədər pullar xərclənsə də, normal film ortaya qoyulmayıb.

Deputat qanunvericiliklə bağlı təkliflərini də səsləndirdi: "Mən gözləyirdim ki, bu sessiyada nəhayət, Rəqabət Məcəlləsi qəbul ediləcək. Bu ölkənin əsas problemi rəqabət problemidir. Ölkə prezidenti ürək yanğısı ilə deyir ki, sahibkarlığa dəstək vermək lazımdır. Ancaq dünən iş adamlarından 10 min istəyirdilər, bu gün ikiqat-üçqat tələb etməyə başlayıblar. Artıq prezidentin də tələbləri səmərə verməməyə başlayıb".

F.Mustafa bəzi yazılan fikirləri təkzib edərək, AŞPA-da nümayəndə heyətinin çox böyük uğur qazandığını dedi, bu münasibətlə spikeri də təbrik etdi.

Spiker F.Mustafanın təklifləri barədə dedi ki, "Elm haqqında" Qanun artıq birinci oxunuşdan keçib: "Əminəm ki, bu sessiyada ikinci, üçüncü oxunuşda baxacağıq. O ki, qaldı Rəqabət haqqında qanuna, bu qanun layihəsinin üçüncü oxunuşu qalıb. Buun qalması xeyirdir ki, layihəni daha da təkmilləşdirək, sonra müzakirəyə çıxaraq".

Elmira Axundova mərhum prezident Heydər Əliyevin "mövqeyinizi bildirin" sözlərini xatırlatdı və parlamenti, o cümlədən gənc deputatları müzakirələrdə aktiv iştiraka, mövqe bildirməyə çağırdı. Bankların bağlanmasından danışan deputat "Mərkəzi Bank rəhbərliyi radikal addımlar aratkən mütləq bu barədə ictimaiyyətə ətraflı məlumat verməlidir. Çalışmaq lazımdır ki, insanlar bu proseslərdən minimum itkilərlə çıxsınlar" söylədi. E.Axundova mühasib vəzifəsinə işə götürülmə prosesini asanlaşdırmağı, bankların bağlanması prosesində ixtisara salınan gənc kadrlardan istifadə olunmasını təklif etdi.

Fərəc Quliyev kreditorların hüquqlarının qorunması ilə bağlı qanunvericiliyə dəyişiklik etməyi təklif etdi: "Çünki iki devalvasiyadan sonra kreditlərin xərci xeyli artıb. Mərkəzi Bank və Maliyyə Nazirliyindən də məsələyə fərqli münasibət bildirilir. İnsanların da ciddi gözləntiləri var".

F.Quliyev vəziyyətdən çxımaq üçün kredit götürənlərin yükünü azaldılması məqsədilə təkliflərini səsləndirdi.

Deputat Azay Quliyev yerli icra hakimiyyəti orqanlarının ictimai nəzarətlə bağlı qarşıya qoyulan məsələlərə ciddi yanaşmadığını vurğuladı. Bu mənada İctimai nəzarətlə bağlı qanun layihəsinin yaz sessiyasının iş planına daxil edilməsini təqdir etdi. Deputat məktəbəqədər təhsillə bağlı layihənin və sosial sifariş haqqında qanun layihəsinin də hazırlanmasını zəruri saydı.

Deputat Əli Məsimli dedi ki, əgər biz dünyadakı rəqabətə tab gətirmək istəyiriksə, təhsil sistemində köklü islahatlara getməliyik. Ona görə də deputat məktəbəqədər təhsildən başlamış, yuxarı pillələrə qədər bütün mərhələlər üzrə keyfiyyətli təhsil üçün ciddi addımlar atmağa çağırdı. Ə.Məsimli yüksək balla ali məktəbə qəbul olunan tələbələrin yüksək təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoydulğunu da dedi və təhsil kreditləri ilə bağlı təklifləri nəzərə almağa çağırdı.

Ə.Məsimli "Rəqabət haqqında qanunu 6 aya qəbul etmək olar, 6 ildir uzadılır"-deyə, bildirdi. Daha sonra yüksək faizlə, özü də dollarla kredit götürmüş insanların devalvasiyadan sonra kreditləri əvvəlki qaydada ödəyə bilmədiyini dedi. "400 manat maaş alan şəxsin maaşı 10 faizlik artımdan sonra 410 manat olub. Onun 200 manatını kreditə verir, qalan 200 manatı ilə yaşayırdısa, indi məcburdur 400 manatının hamısını banka ödəsin. Ona görə də əhalini bu vəziyyətdən çxıartmaq üçün müəyyən güzəştlər tətbiq olunsun".

Deputat Qənirə Paşayeva ünvanlı sosial yardım alan ailə kiçik məbləğdə kredit götürən kimi, yaxud övladı ödənişli ali məktəbə qəbul olanda dərhal yardım kəsilir. Xanım deputat bunu düzgün saymadı və ünvanlı sosial yardım verilərkən həmin aztəminatlı ailələri nəzərə almağa çağırdı. Q.Paşayeva məktəb yaşlı uşaqlar arasında siqaret çəkənlərin sayının artdığını dedi və bununla bağlı əlavə tədbirlərə ehtiyac olduğunu vurğuladı.

Musa Quliyev dərman vasitələrinin ƏDV-dən azad olunması, yaxud ƏDV-nin minimuma endirilməsini zəruri saydı: "Manatın devalvasiyasından sonra dərman vasitələrinin qiymətində son bir ay ərzində 45-50 faiz artım müşahidə olunur, bu da vətəndaşları çətin vəziyyətə salıb". M.Quliyev dedi ki, gömrükdə ekspertizə işləri aparılarkən dərmanlar tələb olunan yerlərdə saxlanmalı olduğu halda, gömrükdə şərait olmadığından onların keyfiyyəti də aşağı düşür: "Ona görə də təklif edirəm ki, dərmanların terminalda deyil, topdansatış obyektlərində normal şəraitdə saxlanması, daha sonra isə satışa təqdim edək".

YAP-dan olan deputat gömrükdəki vəziyyətlə bağlı parlamentə çağırış etdi və vəziyyətin ağır olmasına işarə vurdu: "Bir aydan çoxdur ki, nə Türkiyə, nə Çindən Azərbaycana mal idxal olunmur. Çünki 36 faiz vergi və gömrük rejimi tətbiq olunub. Artıq sahibkarlar monopoliyanın bərpa olunmasını arzulayırlar, deyirlər ki, yenə əvvəllər monopolistlərlə dil tapmaq olurdu. Ona görə də gəlin biz elə bir rejim yaradaq ki, qaş qayırdığımız yerdə göz də çıxartmayaq".

Məlahət İbrahimqızı dedi ki, ixtisarlardan sonra işsiz qalmış insanın hətta 110 manat maaşı olan bağban vəzifəsinə belə işə götürməkdən imtina edildiyini bildirdi, bu sahədə qanunvericiliyə dəyişiklik edilməsini təklif etdi. Bələdiyyələr hətta Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmadan kiçik işlərə belə adam götürə bilmirlər. Ona görə də bu qurumların səlahiyyətlərinin artırılmasını təklif edirəm.

Bəxtiyar Əliyev isə çıxşında "əgər rəqabət, antiinhisar haqqında qanun yoxdursa, neqativlərə qarşı mübarizə necə aparıla bilər? Hansısa sehrli əllər Rəqabət Məcəlləsinin qəbuluna imkan vermir" deyə, tənqidi çıxış etdi. (musavat)

Mediainfo.az